20 Yanvar ümumxalq faciəsinin müqayisəli analizi:
hüquqi, iqtisadi və geopolitik amillərin izi ilə…

20 Yanvar ümumxalq faciəsinin müqayisəli analizi: hüquqi, iqtisadi və geopolitik amillərin izi ilə…

20 yanvar faciəsi ilə bağlı yeni yazımı sizlərlə paylaşıram. Məqalə mətbuatda dərc olunması üçün dünən mətbuatla əlaqəsi olan hörmətli dostlarımızdan birinə göndərilmişdir. Eyni zamanda, yazıdakı fikirlərlə mövqeyi üst-üstə düşən, ümummilli öndərimiz Heydər Əliyev cənablarının, eləcə də əziz və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi siyasi kursu müdafiə edən mətbu orqanlar mənə sadəcə xəbər verməklə məqaləni dərc edə bilərlər.

Hörmətlə,

Ramin Lev

20 Yanvar ümumxalq faciəsinin müqayisəli analizi:

hüquqi, iqtisadi və geopolitik amillərin izi ilə…

İki əksliyin vəhdəti: əbədi hüzn günü və əbədi qürur günü…

Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının “bir cənub şəhəri”ndə dinc və silahsız sakinlərə qarşı nizami silahlı birləşmələr tərəfindən kütləvi qətlyam törədilməsindən 28 il ötdü. Bu həmin o cənub şəhəri idi ki, SSRİ adlı dövlətin mövcud olduğu 70 ildən artıq müddət ərzində dövlətçilik və ümumi rifah naminə bütün imkanlarını səfərbər etmişdi. Üstəlik, bu sıradan bir şəhər deyildi. Sivilizasiyaların qovuşuğunda yerləşən qədim bir məmləkətin – “Odlar Diyarı” Azərbaycanın paytaxtı Bakı şəhəri idi.

Yenə də, hər ilin 20 yanvarında olduğu kimi Azərbaycan Respublikasının Prezidenti əziz və möhtərəm Prezidenti İlham Əliyev cənabları, əziz və möhtərəm Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva, dövlətin ali idarəetmə komandası, mərkəzi və yerli idarəçilik orqanlarının bütün heyəti, o cümlədən Azərbaycan xalqı, bir sözlə, vahid və bölünməz Azərbaycan ictimaiyyəti “Şəhidlər Xiyabanı”nı dərin hörmət və ehtiramla ziyarət etdi. Xalqımızın tarixinə qara və qızılı hərflərlə yazılmış bu dəhşətli faciənin hər il anılması, heç şübhəsiz, Azərbaycan Respublikası Prezidentinin, dövlətinin və xalqının milli mənəvi dəyərlərə sonsuz sevgisinin bariz nümunəsidir.

Ancaq üzərindən 28 il ötmüş bu faciə, hər dəfə olduğu kimi, yenə də yaddaşlarda hopub qalmış bir neçə sualı yenidən canlandırdı. Azərbaycan xalqının başına hansı səbəbdən belə bir müsibət gəldi? Günahsız, əliyalın insanların pasportunu daşıdıqları dövlətin silahlı qüvvələri tərəfindən gülləboran edilməsinin əsas səbəbkarı və günahkarı kim idi? Hansı səbəbdən bu cinayəti törədənlərin müəyyənləşdirilməsi, cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması mümkün olmadı? Nəhayət, faciənin qarşısını almaq mümkün idimi?

Bütün bu və bir sıra digər sual doğuran məsələləri dönəmin hüquqi, iqtisadi və geopolitik reallıqlarının analizi müstəvisində aşağıda araşdırmağa çalışacağam.

20 Yanvar faciəsi zamanın hüquqi reallıqlarının işığında…

Beləliklə, faciənin hüquq müstəvisində araşdırılmasına 1990-cı ilin 20 yanvar tarixinə qüvvədə olan ən mühüm hüquqi aktların müvafiq müddəalarının nəzərdən keçirilməsi ilə başlayıram. Diqqətləri isə, keçmiş SSRİ-nin iki əsas hüquqi sənədinə, birincisi, 1977-ci il 7 oktyabr tarixdə SSRİ Ali Sovetinin 7-ci növbədənkənar sessiyasında qəbul olunmuş SSRİ Konstitusiyasının, ikincisi isə, 27 oktyabr 1960-cı il tarixli Rusiya Sovet Federativ Sosialist Respublikasının Cinayət Məcəlləsinin əlaqəli müddəalarına yönəldəcəm. Çünki bu iki sənəd bütün SSRİ ərazisində ali hüquqi qüvvəyə malik sayılırdılar, SSRİ ali hakimiyyət və hüquq mühafizə orqanları bütün fəaliyyətlərini bu sənədlərə əsaslandırırdılar, eləcə də ittifaq respublikalarının müvafiq sənədləri hüquqi ierarxiyada onlardan aşağı qüvvəyə malik idi.

Sözügedən sənədlərin yardımı ilə üç suala cavab tapmağa çalışacağam. Birincisi, əhalinin etiraz aksiyaları qanuni və hüquqi idimi? İkincisi, 1990-cı ilin yanvarın əvvəllərində müstəqillik şüarları səsləndirən xalq kütlələrinin Azərbaycan SSRİ-ni Sovet İttifaqından ayırmaq hüququ mövcud idimi? Üçüncüsü, keçmiş SSRİ qanunvericiliyi hökumətə belə bir şəraitdə güc tətbiq etmək hüququ verirdimi?

Birinci suala cavab olaraq, qeyd etmək istərdim ki, keçmiş SSRİ Konstitusiyası və qanunvericiliyində məsələ ilə əlaqədar hüquqi boşluqlar və ziddiyyətlər vardı. Məsələn, 49-cu maddə nəzəri olaraq vətəndaşlara dövlət idarəçiliyində və bu idarəçiliyin təkmilləşdirilməsində iştirak etmək hüququ verirdi. 51-ci maddə “kommunist quruculuğuna xidmət edən ictimai təşkilatlarda birləşmək hüququ” tanıyırdı. Lakin praktiki baxımdan bu hüquqların realizəsi imkanları, demək olar ki, sıfıra bərabər idi. 80-ci illərin sonlarında kəskin sosial, iqtisadi, milli, mənəvi və s. xarakterli problemlərlə üzləşən geniş xalq kütlələri həm mərkəzi hakimiyyətin, həm də bir sıra ittifaq respublikalarındakı yerli hakimiyyətlərin səriştəsizliyini və bacarıqsızlığını görürdü. Hüquq və dövlət müstəvisində həllini tapmayan problemlərlə üz-üzə qalan xalq kütlələri, təbii ki, çarəni meydanlara çıxmaqda tapırdı. Dinc toplaşmaq azadlığı isə, hüquqi şəkildə tənzimlənmədiyi üçün çox ciddi problemlər meydana gəlirdi. Başqa sözlə, küçələrə çıxan insanların əməli də, avtomatik olaraq, “qanunsuz aksiya” kimi tanınır, onların əksəriyyətinə kütləvi surətdə “ekstremist”, “radikal” kimi damğalar vurulurdu.

Beləliklə, Sovet dövləti konstitusiyanın 7-ci fəsli (SSRİ vətəndaşlarının əsas hüquqları, azadlıqları və vəzifələri) dinamik, dəyişkən dünyanın tələblərinə zamanında uyğunlaşdırılmamışdı. Bu məqam “dövlət-vətəndaş” münasibətlərinin “qlasnost” və “perestroyka” dövrünün tələblərinə uyğun tənzimlənməsi imkanlarını puça çıxarırdı. Belə bir hüquqi boşluq şəraitində yanvar aksiyaları sırf qanunauyğunluq baxımdan Mixayıl Qorbaçov hökuməti tərəfindən “qanunsuz” sayılmışdı.

Lakin sözügedən aksiyalar hüquqa zidd deyildi. Çünki 1990-cı ilədək Azərbaycan əhalisinin əksəriyyəti keçmiş SSRİ-yə münasibətdə loyallıq nümayiş etdirirdi. Bunun müqabilində, Ümummilli Liderimiz Heydən Əliyev cənablarının da faciənin ertəsi günü Moskvada keçirilmiş mətbuat konfransında vurğuladığı kimi, Azərbaycan xalqının ən ümdə probleminin – Dağlıq Qarabağ Muxtar Vilayəti məsələsinin ədalətli həlli günü-gündən daha da düyünə düşür, Ermənistan SSRİ-dəki soydaşlarımız son dərəcədə qəddarlıqla öz torpaqlarından qovulurdu.

Közərməkdə olan “milli məsələ” isə, ölçüsündən, əhalisinin sayından, hərbi-iqtisadi gücündən və s. asılı olmayaraq, istənilən dövlət üçün hər zaman real bir təhdiddir. Mərkəzi hakimiyyətin, eləcə də Ermənistan Sovet Sosialist Respublikasının çox yaxın, mütəmadi dəstəyi ilə Azərbaycan Sovet Sosialist Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində “yandırılan” ərazi iddialarının alov dilimləri Azərbaycanda hərarəti dözülməz dərəcəyə çatdırmış və “küləklər şəhəri”nin sakinləri son çarəni meydanlara tökülməkdə görmüşdü. Bax bu incə məqam – hüquqi və haqlı olan bir əməlin (dövlətin ərazi bütövlüyünü qorumaq) keçmiş SSRİ-nin Qorbaçov hakimiyyəti tərəfindən avtomatik şəkildə qanunsuz əməl sayılması (konstitusiyada sərbəst toplaşmaq, mitinqlər keçirmək azadlığı təsbit edilməməsinə görə) hüquqi böhranın daha da dərinləşməsini şərtləndirmişdi. Həm ümumittifaq, həm də Azərbaycan SSRİ konstitusiyalarının 1 və 2-ci maddələrinə görə də, SSRİ-də və ASSR-də bütün hakimiyyət xalqa məxsus idi və dövlət fəhlələrin, kəndlilərin və ziyalıların, eləcə də bütün millətlərdən olan zəhmətkeşlərin iradə və mənafeyini ifadə etməli olduğu halda, reallıqda hakimiyyətlə xalq arasında dərin bir uçurum yaranmışdı.

Elə bu səbəbdən də, ikinci suala dair qeyd etmək mümkündür ki, Azərbaycan SSR-nin hakimiyyəti ilə Azərbaycan əhalisi arasında keçmiş SSRİ Konstitusiyasının 72-ci maddəsinin (“Hər bir ittifaq respublikasının SSRİ-nin tərkibindən azad şəkildə çıxmaq hüququ vardır.”) tətbiqinə münasibətdə son dərəcədə kritik və ciddi fikir ayrılığı əmələ gəlmişdi. Yuxarıda söylənənlərin işığında, belə bir nəticəyə gəlmək mümkündür ki, Azərbaycan SSR hökuməti artıq xalqın maraqlarını qoruya bilmədiyindən, ən azından, sırf nəzəri və hüquqi baxımdan xalqın ittifaqdan çıxmaqla bağlı tələbləri həm hüquqi, həm də qanuni idi.

Nəhayət, hakimiyyət tərəfindən qanunsuz elan edilsə də, özünümüdafiə, ərazi bütövlüyünü qorumaq kimi təbii haqlardan irəli gələn, beləliklə də hüquqa zidd olmayan dinc toplantılar keçirən, eyni zamanda, sözügedən toplantılarda ittifaqdan ayrılmaq barədə həm qanuni, həm də hüquqi tələblər səsləndirən silahsız, dinc əhali kütlələrinin üzərinə atəş açılması barədə ordu və hüquq mühafizə orqanlarının silahlı birləşmələrinə sanksiya verilə bilərdimi? Daha doğrusu, belə bir sanksiya qanuni və hüquqi sayıla bilərdimi? Birmənalı şəkildə xeyr! Keçmiş SSRİ-nin Əsas Qanununun 4-cü və 31-ci maddələrində vurğulanır ki, həm dövlət, həm də xalq sosialist vətənin müdafiəsi üzrə vəzifə daşıyır, sovet dövləti və onun bütün orqanları sosialist qanunçuluğu əsasında fəaliyyət göstərir, habelə onlar hüquq qaydasını, cəmiyyətin maraqlarını, vətəndaşların hüquq və azadlıqlarını təmin edirlər. Göründüyü kimi, Sovet silahlı birləşmələrinin 1990-cı ilin yanvar ayında Bakı şəhərində həyata keçirdiyi əməliyyatlar yuxarıda sadalanan məqsədlərlə daban-dabana zidd idi.

Bununla yanaşı, həm Sovet qanunvericiliyi, həm də formalaşmış təcrübəyə əsasən keçmiş SSRİ Müdafiə Nazirlirinin hərbi birləşmələrinin ölkə daxilində hər hansı əməliyyatlara cəlb olunması da tamamilə qeyri-qanuni idi. Konstitusiyaya əsasən bu səlahiyyət yalnız Daxili İşlər Nazirliyinin qoşunlarına verilmişdi. Halbuki, 20 Yanvar faciəsinin törədildiyi gecə həyata keçirilən “Udar” əməliyyatına Müdafiə Nazirliyinin 76-cı hava desant diviziyası, 56-cı hücum təyinatlı desant briqadası, 106-cı hava-desant diviziyası və s. lap yaxından cəlb olunmuşdu. Deməli, Qorbaçov hökuməti keçmiş SSRİ qanunvericiliyinə belə məhəl qoymağı lazım bilməmişdi.

Məhz bu səbəbdən nə dövlət və xalq arasındakı son dərəcədə həssas və intim bağlara, nə irəlidə haqqında söhbət açacağımız mövcud iqtisadi reallıqlara, nə hüquqi-əxlaqi dəyərlərə, nə də ki insan həyatına qiymət verməyən Qorbaçov iqtidarı ilə hüquqi müstəvidə müzakirə aparmaq, demək olar ki, mənasız idi. Çünki həmin hökumət nəzəri-hüquqi cəhətdən hətta təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmiş cinayətkarlara belə layiq görmədiyi ən ağır cəzanı meydanda dinc etiraz bildirən, təsadüfən küçədən keçən, mənzilində istirahət edən və s. məsum və günahsız insanlara yönəltmişdi. Belə ki, keçmiş RSFSR Cinayət Məcəlləsinin 23-cü maddəsinə (Müstəsna cəza tədbiri – Ölüm Cəzası) əsasən, ölüm cəzası qadınlara, 18 yaşına çatmamış şəxslərə, habelə yaşı 65-dən yuxarı olan kişilərə şamil olunmurdu. Yanvar faciəsində isə, Qorbaçov və yandaşları Azərbaycan xalqına qarşı törədilən cinayətlərə heç bir reaksiya verməyərək “dövlət təhlükəsizliyisizliyi” pərdəsi altında məhkəməsiz-filansız az qala bütün Azərbaycan xalqını 23-cü maddənin həmin istisnasını belə şamil etmədən “cinayətkar” elan etmişdi. Bu fakt bir daha sübuta yetirir ki, 20 Yanvara gətirib çıxaran səbəb-kökləri zamanında aradan qaldırmayan, birtərəfli, qərəzli və ədalətsiz mövqe nümayiş etdirən, sonunda isə, Bakıya ordu yeridib insanları ağına-bozuna baxmadan gülləborana tutduran Qorbaçov hakimiyyəti özü ilə sadə xalq arasındakı rabitəni çoxdan və birdəfəlik qırmışdı.

“Oykonomiya”nın (“oikos” – yunanca ev və “nomos” – yunanca qayda-qanun) amansız qisası…

Qorbaçov hakimiyyəti xalqla arasındakı körpüləri məhz mövcud iqtisadi reallıqlara heç bir önəm verməməklə və iqtisadi qanunlara əməl etməməklə yandırıb dağıtmışdı. Əlbəttə, keçmiş SSRİ özü bu qanunları (məsələn, xüsusi mülkiyyət institutunun ləğvi, planlı iqtisadiyyata keçid və s.) alt-üst edərək meydana çıxmışdı. Lakin Qorbaçov iqtidarı öz dövrünün iqtisadi reallıqlarına bütünlüklə meydan oxuyurdu və idarəçilik prosesində həmin reallıqlar deyil, siyasi prioritetlər, hətta cəmiyyətin bəzi kəsim və qruplarının maraqları, bu və ya digər vəzifəli şəxslərin emosiya və istəkləri rəhbər tutulurdu. Hakimiyyətin layihələri, verdiyi qərarlar, qəbul etdiyi normativ hüquqi aktlar cəmiyyət, xalq və dövlət üçün faydalılıq və iqtisadi cəhətdən səmərəlilik prinsipinə görə deyil, tamamilə başqa əsrarəngiz prinsiplərə əsasən müəyyənləşdirilir və formalaşdırılırdı.

Mövcud problemlərin iqtisadi analizi aparılmır, onların həlli üçün reallıqdan uzaq, gələcəkdə daha böyük problemlərə səbəb olacaq, ancaq ucuz və tez başa gələn variantlara üstünlük verilirdi. Bu, əslində keçmiş SSRİ-nin 1920-1952-ci illəri əhatə edən hökumətləri üçün də xarakterik cəhət idi. Məsələn, Azərbaycanlıların öz dədə-baba torpaqlarından, o dönəmdə isə, Ermənistan SSR ərazilərindən müxtəlif bəhanələrlə kütləvi surətdə köçürülməsi buna bariz misaldır. Halbuki özünü çoxmillətli, beynəlmiləl bir sosialist dövləti elan etmiş ölkənin hökuməti bu cür inzibati-zorakı köçürmə layihələrinin əvəzində daha proqressiv və ən azından, hər iki tərəfin maraqlarına cavab verən başqa layihələr gerçəkləşdirə bilərdi.

Ancaq iqtisadi reallıqların qətiyyən nəzərə alınmaması baxımından, Qorbaçov iqtidarını əvvəlkilərdən fərqləndirən bir önəmli cəhət vardı. Belə ki, həmin iqtidar 80-ci illərin sonlarında əhalini narahat edən, dövlətin əsaslarını sarsıdan iqtisadi problemlərin (mən onların siyahısına iqtisadiyyatın bütün sahələrini ağuşuna almış dərin tənəzzülü, idarəçilik sahəsindəki xaosu, hakimiyyətdaxili çəkişmələri, millətlərarası gərginlikləri və ərazi separatçılığı cəhdlərini, idarəetmə mexanizmlərinin və hüquq sisteminin zamanın tələblərinə cavab verməməsini, xüsusilə də mülki sferada elmi-texnoloji nailiyyətlərin nəticələrindən lazımınca yararlanılmamasını, iqtisadiyyatın özünün, məsələn, “Çin modeli” nümunəsində yenidən formalaşdırılmamasını və s. aid edirəm) həllinə cəhd belə göstərmədən saat mexanizmli bombaları – “perestroyka”, “qlasnost” kimi layihələri işə saldı. Təbii ki, bu keçmiş SSRİ kimi nəhəng bir okeana qəfil düşən meteorit effekti yaratdı. Heydər Əliyev tək peşəkar, yüksək ixtisaslı, təcrübəli, hadisə və proseslərin inkişaf istiqamətlərini illərlə öncədən görmək qabiliyyətinə malik, nəhəng bir dövlət xadimini paxıllıq və qısqanclıq, eləcə də, kim bilir daha hansı səbəblərdən repressiyalara məruz qoyan diletant rəhbər Qorbaçov, əlbəttə ki, partlatdığı bombaların mənfi fəsadlarını nə proqnozlaşdıra, nə də onların qarşısını ala bilərdi.

Əhaliyə aşkarlıq və demokratiya “verən” Sovet hökuməti 1990-cı ilin 19-20 yanvarında Bakı şəhərində hadisələrin cığırından çıxmasından qorxaraq iki ildən artıq müddət ərzində deportasiya və DQMV məsələlərində haqlarını qoruya bilmədiyi məsum Azərbaycanlılara münasibətdə ölçüsüz-çəkisiz güc tətbiqinə başladı. Heç şübhəsiz, bu zaman da güc tətbiqinin diqqət yetirilməli olan təməl iqtisadi prinsipləri heçə sayıldı. Birincisi, Azərbaycanda hakimiyyətin konstitusion qaydada mənsub olduğu gücə - xalqa qarşı güc tətbiq olundu. İkincisi, gücün bütün mümkün növləri – nəzarət-müşahidə, bildiriş-əmr, axtarış-yoxlama, eləcə də psixoloji təsir silahlarının tətbiqi (havaya atəş, gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə və s.) kimi növləri arasında, ən dəhşətlisi – “ölüm atəşi” seçildi. Nəticədə 131 dinc vətəndaş qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər isə, itkin düşdü. Faciə sonrasında isə, iki il ərzində Azərbaycanlıların Ermənistanda poqromlara məruz qoyulmasını görməyən Qorbaçov və digər hökumət rəsmiləri Bakı qətlyamını ermənilərə qarşı törədilən poqromları dayandırmaq və Azərbaycanda dövlət çevirilişinin qarşısını almaq cəhdləri ilə əlaqələndirdilər…

Geopolitik savaşın 20 Yanvar səhnəsi…

Həmin bəhanələr isə, təəssüflər olsun ki, sözügedən dönəmdə Avrasiyanın mütləq hakimi olan M.S. Qorbaçovun özünə bəraət qazandırması məqsədinə xidmət edirdi. Bir ittifaqın iki müttəfiq respublikası və xalqı arasında açıq-açkar ayrı-seçkilik qoyan, ESSR və erməni xalqını hərbi əməliyyatlar hesabına qoruyan Qorbaçov iqtidarı, nədənsə, keçmiş SSRİ-nin ittifaq respublikaları qarşısındakı öhdəliklərini tamamilə unutmuşdu. O, ASSR-nin təcavüzə cavab vermək, bütün vətəndaşlarını və soydaşlarını, onların sərəncamında olan mülkiyyəti zorakılıq aktlarından mühafizə etmək, ərazilərini qorumaq kimi təbii haqlarını tanımaq belə istəmirdi.

Əslində, keçmiş SSRİ-nin sonuncu “atası” öz fəaliyyətlərində hüquq və qanunlardan daha çox, sanki hansısa əsrarəngiz bir plana bağlı idi. Ölkəsinin geopolitik bir savaşın məngənəsində son çırpıntılarını yaşadığını bilməmiş olmazdı. Bu savaşın keyfiyyət və kəmiyyətcə fərqli aşağıdakı aktyorları artıq bir əsrə yaxın idi ki, yorulmaq bilmədən mücadilə verirdilər:

1. Sosializm və kommunizm ideologiyalarını Yer üzündən birdəfəlik silməyə çalışan özəl kapitalist düşərgəsi;

2. Aparıcı kapitalist dövlətlərinin siyasi, iqtisadi və hərbi koalisiyası;

3. 1917-ci ildən etibarən xarici ölkələrə mühacirət etmək məcburiyyətində qalmış “Bəyaz Rusiya”nın varisləri;

4. “Sovet xalqı” məfhumunu formalaşdıran millətlərin keçmiş SSRİ ərazisində, xüsusilə də xaricdə yaşayan nümayəndələrindən təşkil olunmuş, öz xalqlarının azadlığı uğrunda mübarizə aparan millətçi düşərgə;

5. Öz xalqlarını müstəqilliyə silahlı üsyan, hətta terror aktları törətmək yolu ilə qovuşdurmaq, yaranmış xaosdan istifadə edərək yeni ərazilər qəsb etmək niyyətində olan ifrat radikal millətçi və terroçu qruplaşmalar;

6. Regional güc statusuna malik, keçmiş SSRİ-i ilə qonşu dövlətlər.

20 Yanvar qətlyamının törədilməsi ərəfəsində universal və dəyişməz xarakter daşıyan “geopolitik rəqabət qanunu”nun tələblərinə cavab verə bilməyən keçmiş SSRİ geopolitik savaşı rəqiblərinə uduzmaq üzrə idi. Belə ki, həmin qanuna əsasən geopolitik cəhətdən güclü istənilən dövlət ərazisindəki xaos ssenarilərinə, müxtəlif böhranlara, hakimiyyət daxili çəkişmələrə, vətəndaş müharibələrinə, ərazi separatçılığı cəhdlərinə, silahlı münaqişələrə, eləcə də xarici təcavüz aktlarına qarşı son dərəcədə dayanıqlı olmalıdır. Lakin Qorbaçovun hakimiyyətə gəlişi ilə Sovet dövlətinin sadalanan parametrlərdən çoxdan uzaq düşməsi aşkar surətdə görünürdü. Məsələn, uzaq Kaliforniya Ştatının Vayseliə şəhərində dünyaya gəlmiş, həqiqətdə isə, “Asala” beynəlxalq terrorçu təşkilatın liderlərindən biri Monte Melkonyan adlı “erməni xalqının azadlıq fədaisi”nin hələ 6 oktyabr 1990-cı ildə İrəvana gəlməsi bir sıra gizlin mətləblərdən xəbər verirdi. Deməli, nəhəng və qüdrətli Sovet İttifaqı yavaş-yavaş canını tapşırırdı…

Günahsız qurbanların il mərasiminə qədər “ölən” qatil və əbədi yaşar qəhrəman…

Operativ hüquqi islahatlara gərək duymayan, iqtisadi qanunları saya salmayan və nəhayət geopolitik savaşda rəqiblərinə yenilən Sovet İttifaqı 26 dekabr 1991-ci ildə 74 illik səltənətdən sonra ömrünü başa vurdu. Bununla da, keçmiş SSRİ öz qurbanlarının məzarları başında Azərbaycan xalqının hüznlə axıtdığı göz yaşlarını görə bilmədi. Altı il dünyanın ən nəhəng dövlətinin başında duran, ölkəsinin həm 1-ci həm də sonuncu prezidenti olan, tarixə Sovet İttifaqını dağıdan rəhbər kimi düşən M.S. Qorbaçova gəldikdə, o da həmin tarixdən etibarən rəsmən siyasi meyidə çevrildi.

Artıq yazının 1-ci səhifəsində, 3-cü paraqrafda qoyulmuş 4 sualı cavablandırmağı məqsədəmüvafiq hesab edirəm. Birincisi, 20 Yanvar qətlyamı nəyin bahasına olursa olsun, keçmiş SSRİ-ni qoruyub saxlamaq və son 2 il ərzində üzləşdiyi haqsızlıqlara (Azərbaycanlıların kütləvi surətdə, olmazın işgəncələrə məruz qoyulmaqla deportasiyası, DQMV-nin qeyri-qanuni və qeyri-hüquqi şəkildə Ermənistana birləşmək cəhdləri) etirazını bildirən Azərbaycan xalqının müqavimətini və iradəsini sındırmaq məqsədi ilə törədildi.

İkincisi, Azərbaycan xalqının başına gətirilən faciənin bir nömrəli səbəkarı və günahkarı məhz dövlət rəhbəri kimi səriştəsiz, bacarıqsız və baş verən hadisə və proseslərin mahiyyətinə varmaq iqtidarında olmayan M.S.Qorbaçov idi.

Üçüncüsü, günahkarları zamanında müəyyənləşdirmək və cinayət məsuliyyətinə cəlb edərək cəzalandırmaq ona görə mümkün olmadı ki, anti-Əliyev, anti-Azərbaycançı qüvvələr 20 Yanvar faciəsini törədənləri bacardıqları qədər uzun müddət ərzində hər hansı zərbələrdən amanda saxladılar. Digər tərəfdən, keçmiş SSRİ əks qütb üçün ən arzuolunmaz bir qüvvə sayılırdı. Həmin qüvvəni Yer üzündən silən Qorbaçov SSRİ-nin də parçalanması ilə dərhal, Azərbaycan da daxil olmaqla bir neçə keçmiş ittifaq respublikası xaric, bütün dünyanın gözündə müsbət qəhrəmana çevrildi.

Nəhayət, dördüncüsü, əlbəttə ki, bu faciənin, eləcə də Sovetlər İttifaqı ərazisində Qorbaçov və komandası tərəfindən törədilən digər faciələrin qarşısını zamanında almaq mümkün idi. Belə bir tarixi ehtimal aşağıdakı iki ssenaridən istənilən birinin gerçəkləşməsi halında baş verə bilərdi:

- birincisi, Qorbaçov Azərbaycan xalqının dahi oğlu, əvəzsiz dövlət xadimi Heydər Əliyev cənablarını 21 oktyabr 1987-ci ildə Sovet İttifaqının ali orqanlarında tutduğu vəzifədən azad etmək əvəzinə, onunla yaxından əməkdaşlıq etməyə üstünlük versə idi;

- ikincisi, Heydər Əliyev Azərbaycanda hakimiyyətə 1990-cı ildən mümkün qədər əvvəl qayıtsa idi.

Qorbaçov iqtidarının xalqımızın başına gətirdiyi 20 Yanvar faciəsinə də ilk hüquqi-siyasi qiyməti elə Ümummilli Lider Heydər Əliyev cənabları verdi. O, faciənin ertəsi günü faktiki olaraq mühasirə şəraitində yaşadığı Moskva şəhərində mətbuat konfransı keçirərək Sovet İttifaqının rəhbərliyinə kəskin etirazını bildirdi, hadisənin baş vermə səbəblərini və günahkarları açıqladı. SSRİ-nin o dönəmki rəhbərliyinin problemin vaxtında həllinə lazımı diqqət yetirməməsi səbəbindən bu cür acınacaqlı vəziyyətin yarandığını vurğuladı. O, aksiyaların dinc yolla yatırılması üçün mövcud imkanlardan yararlanılmadığını sübuta yetirdi. Lakin Qorbaçov bundan sonra belə Heydə Əliyev dühasının fikirlərini dinləməkdən, onun məsləhətlərinə qulaq asmaqdan nədənsə qorxdu, ona qarşı təzyiqlərini daha da kəskinləşdirdi.

Lakin xalqının böyük oğlu, məğrur Heydər Əliyev vətənə döndükdən sonra bu haqq işi uğrunda apardığı mübarizəni daha da sərtləşdirdi. Məhz onun təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin iclasında “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olundu. Eləcə də, 1994-cü il 29 mart tarixində, əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Ümummilli Lider Heydər Əliyev cənablarının rəhbərliyi altında müstəqil Azərbarcan Respublikasının Milli Məclisi tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəvi hadisələr haqqında” xüsusi qərar qəbul edildi. Beləliklə də, Azərbaycan xalqına qarşı Qorbaçov hakimiyyəti tərəfindən törədilmiş bu qanlı cinayətə respublika səviyyəsində hüquqi-siyasi qiymət verildi.


Yorumları görmek veya yorum eklemek için oturum açın

Ramin Aliyev adlı yazarın diğer makaleleri

Diğer görüntülenenler