Daha bir qəribə təcrübə...

Daha bir qəribə təcrübə...

Diqqət!

Daha bir qəribə təcrübə...

Bu gün qapımızı iki nəfər cavan adam döyüb. Polis orqanlarında işlədiklərini deyiblər. Mənim həyat yoldaşımın bacısı qızının işinə görə gəldiklərini söyləyiblər. "Tamamilə yanlış gəlmisiniz"- demişəm. "Dəqiqləşdirək"-deyib küçəyə çxıblar, 1-2 dəqiqə sonra təkrar gəliblər. Ad veriblər ki, bəs filankəslərin işidir, filan məsələdir. Demişəm, əziz qardaşlar, məcazi mənada desək, siz Ay planetinə getməlisiniz, gəlib Günəşə çıxmısınız. Bu dərəcədə səhv gəlmək mümkün deyil. Gəlin çörəyimizdən yeyin, çayımızdan için. Sağollaşıb gediblər.

Yanlış gəlmək belə olmur. Həqiqətən də, bu qədər səhv düşmək mümkün deyil. Çünki bizi həmin kənddə, məhəllədə hər kəs tanıyır. İkincisi, gedəcəyiniz küçənin birinci evini qoyub, tamam başqa bir küçənin ortalarındakı evə gəlib çıxmaq QƏRAR VERİB "səhv gəlməkdir". Üçüncüsü, deyək ki səhv gəldiniz, evin sahiblərinin kimliyini, şəxsiyyətini dəqiqləşdirmədən bir cinayət hadisəsi barədə məlumatları açıqlamaq da qəribə məsələdir.

Əminəm ki, adamlar polis əməkdaşları deyildilər. Hansısa yerli və ya transmilli qeyri-leqal dəstə üzvü olma ehtimalları daha böyük idi. Sadəcə, hansısa məlumatlı şəxs onlara ərazidəki bir cinayət hadisəsi barədə məlumatlar verə bilərdi ki, onlar da bu vasitə ilə öz niyyətlərini və kimliklərini pərdələsinlər.

Əsl niyyətlərini özləri, bir də Tanrı bilir. Güman edirəm ki, məqsədləri aşağıdakılardan biri ola bilərdi:

1. ünvan dəqiqləşdirmə;

2. şəxsiyyəti dəqiqləşdirmə;

3. mesaj vermə

4. indi bir qədər qarışıq zaman olduğunu nəzərə alsaq, və s..

Mən məndən şübhələnən adamların quraşdırdıqları, ssenariləşdirdikləri belə hadisə və proseslərlə artıq 20 ilə yaxındır tanışam. Hadisə və proseslərlə bağlı ekspert kimi elmi əsaslandırılmış mövqe bildirirsən, deyirlər müxalifətçisən. İbadət üçün məscidə gedirsən, deyirlər radikal dindarsan. Saqqalı bir həftə qırxmırsan, deyirlər radikal dindarsan. Kilsəyə gedirsən, deyirlər katolik kafirsən. Yəhudilərə qarşı törədilmiş soyqırımları lənətləyirsən, deyirlər massonsan. Deyilmə yerinə və subyektinə görə, deyirlər ABŞ agentisən, İran agentisən, Türkiyə agentisən, Rusiya agentisən, Avropa agentisən və s..

Bunların hamısı qırmızı yalandır, bolşevik yalanı! Kimsəyə belə yalanları quraşdırmağı rəva görmürəm.

Məsələn, illər əvvəl bir nəfər mənimlə görüşündə "Xanımla görüşək, sənin problemlərini həll etdirək"!- deyə təkrarladı bir neçə dəfə. Axırda soruşdum ki, "Hansı xanımla"? "Ən Dörsi..."-deyə cavablandırdı. Dedim, "Qardaş, biz Azərbaycan Respublikasının vətəndaşıyıq. Bizim müraciət edəcəyimiz ünvan Azərbaycan Respublikasının dövlət qurumlarıdır. Bizim üçün o statusda olan xanım da Mehriban xanım Əliyevadır".

Bunu deyən adama, rəhmətlik atamın xahişi ilə, universiteti bitirməsi üçün br qəpiksiz dissertasiya vermişdim. Ancaq adam mənim ABŞ agenti olmağıma dair fakt hazırlamağa cani-könüldən cəhd göstərirdi. Bəlkə də, məcbur edirdilər, deyə bilmərəm.

Həyatım boyu heç bir nüfuzlu şəxsin komandasında yer almamağıma baxmayaraq, bu hadisədən sonra, bir xeyli müddət mənim möhtərəm Mehriban xanım Əliyevanın komandasında olmağımdan da şübhələndilər. Ciddi əsaslarım var ki, indinin özündə belə bununla əlaqədar "fakt yaratma" cəhdləri mövcuddur.

Şübhələnməyin ziyanı yoxdur. Problem odur ki, adamlar mənimlə əlaqədar uydurduqları müxalifətçi, radikal dindar, qey, İran agenti, Türk agenti, ABŞ agenti, Avropa agenti və s. "şübhələrini" bütün cəmiyyətə yaymaqla bütün yollarımı bağladılar ki, birdən Ramin 400 AZN-dən çox maaş alar və yaxud birdən Raminə vəzifə verərlər. Mən, təbii ki, daha çox maaş almağa həmişə can atmışam. Vəzifə isə, mənim üçün heç zaman əsas hədəf rolunu oynamayıb və heç vaxt da oynamayacaq.

Yeri gəlmişkən, daha çox pul qazanmaq üçün vaxtilə xeyli adamın elmi dərəcə almasında konsultasiya xidmətləri göstərmişəm. Bu yaxınlarda da, belə bir təklif gəlib. Mənim üçün problem yoxdur! İmkanlarım daxilində elm öyrənmək istəyən hər kəsin yanındayam!

Ancaq son illər ciddi maddi çətinliklərimimiz yaranıb. Həyat yoldaşımın da, özümün də xeyli sağlıq problemlərimiz var. 4 il əvvəl xırda bir tikinti başlamışdıq, hələ heç yarıya çatdıra bilməmişik. Ona görə də, müraciət etmək istəsəniz, bu dissertasiya xidmətlərinin müqabilində insaf və vicdan meyarları daxilində ödəniş məsələsini mütləq nəzərdə saxlayın.

Açığı desəm, hətta bu aralar əməkçi miqrant olaraq xarici ölkələrə getməyi də planlaşdırıram. Hüquq və Azərbaycan Respublikasının qanunvericiliyi buna tam imkan verir.

Mənim də, həyat yoldaşımın da az yaşımız yoxdur. Hər ikimiz Azərbaycan Respublikasında müxtəlif dövlət və özəl qurumlarda çalışmışıq, hərbi xidmət keçmişik, ölkəmiz üçün əlimizdən gələni etmişik. Hər zaman Azərbaycan dövlətinə dönmədən sadiqlik nümayiş etdirmişik. Bütün nailiyyətlərimiz üçün DÖVLƏTİMİZƏ hər zaman minnətdarıq. Ayrıca, hazırkı işəgötürənim başda olmaqla, hər zaman məni işə götürən müəssisə, idarə və təşkilatlara da xüsusi minnətdarlığımı yetirirəm.

Sadəcə hazırkı şərait elə gətirib ki, mən qlobal əmək bazarında yeni imkanlar axtarmaq qərarına gəlmişəm. Elmi tədqiqatlarım var, doktorantura planlarım var. Bu planları həyata keçirmək üçün maddi vəsait lazımdır, dünyanın nüfuzlu universitetlərinə çıxış lazımdır. Bu səbəbdən, hazırda aktıv şəkildə xarici ölkələrə CV-lər göndərirəm.

Bu barədə iki səbəbdən yazıram. Birincisi, CV-də göstərdiyim məlumatları dəqiqləşdirmək üçün orda göstərdiyim ünvana şübhələnib gəlməyəsiniz. İkincisi, ola bilsin ki, aranızda kiminsə, hansısa nüfuzlu iş adamlarınsa Avropa və Şimali Amerika ölkələrində peşəkar mütəxəssislərə ehtiyacınız olsun! Mən əzbərçi mütəxəssis deyiləm! Ancaq müəllim, tərcüməçi, hüquqşünas, təhlükəsizlik məsələləri və hüquqi məsələlər üzrə ekspert, inzibati işlər üzrə menecer olaraq kifayət qədər ciddi bilik və bacarıqlarım var. Hətta yeni peşə və bacarıqları da qısa müddət ərzində öyrənə bilərəm. Əgər yuxarıda göstərilən məkanlarda məni işlə təmin etsəniz, etimadınızı doğruldacağıma tam əmin ola bilərsiniz.

Niyə məhz Şimali Amerika və ya Avropa ölkələri deyə düşünsəniz, deyə bilərəm ki, mənim PhD planlarım var və dünyanın ən öndə gedən universitetləri bu məkanlarda yerləşir. İkincisi, istənilən mütəxəssis üçün bu məkanların əmək bazarlarında daha geniş və iqtisadi baxımdan daha perspektivli imkanlar, həm də tələbat var.

Oxuduğunuza görə təşəkkürlər!

Oxuduqlarınız mənim yaşadığım acı təcrübələrdir. Onları yaşamamaq üçün, kimliyindən asılı olmayaraq, hər biriniz son dərəcədə ehtiyyatlı və diqqətli olun. Hər birinizdən də ricam budur ki, bu paylaşımın məzmununu tanıdığınız insanlarla bölüşəsiniz. Mümkündür ki, kiminsə tanışları, qohumları arasında sadalanan xarici ölkələrdə biznesi olan azərbaycanlı və ya əcnəbi iş adamları olsun.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Ramin Aliyev adlı yazarın diğer makaleleri

Diğer görüntülenenler