G- cloud Konsepsiyası – Hökumət Buludu

G- cloud Konsepsiyası – Hökumət Buludu

“Hökumət buludu” ( G -cloud ) konsepsiyası 3 iyun 2019-cu il tarixli AR Prezidentinin Fərmanı ilə təsdiqlənmişdir.

“Hökumət buludu” (G-cloud) dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, “bulud” xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatın əldə edilməsinə imkan verən “bulud hesablama” texnologiyasıdır. Bu texnologiyanın tətbiqi ilə dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanıldığı, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırıldığı və aparıldığı, beynəlxalq standartlara cavab verən data mərkəzi isə hökumətin milli məlumat məkanıdır.

“Hökumət buludu” dövlət idarəçiliyində faydaları :

 1)“Elektron hökumət”in (eGov) inkişafına və “rəqəmsal hökumət”ə keçidə

 2) dövlət informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının sürətləndirilməsinə,

3)dövlət xidmətləri üzrə məlumatların toplanılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə təhlillər aparılmasına,

4) “açıq məlumatlar”a (Open Data) əsaslanan xidmətlərin və tətbiqlərin təşkilinə,

5) “Süni intellekt”ə (Artificial İntelligence) və robot texnologiyalarına əsaslanan innovativ həllərin dəstəklənməsinə, fəaliyyət ehtiyaclarının səmərəli təminatına;

6)    dövlət idarəçiliyində qabaqcıl və yüksək texnologiyaların tətbiqinə;

7)    informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı məsrəflərin qarşısının alınmasına;

8)    kadr ehtiyatına tələbatın optimallaşdırılmasına və kadrların ixtisas səviyyəsinin yüksəlməsinə və daha çox faydalarını qeyd etmək mümkündür.

“Hökumət buludu” 2020-2025-ci illərdə müəyyən dərəcədə, 2025 -ci ildən sonrakı dövr üçün daha geniş tətbiqdə nəzərdə tutulmuşdur.

 “Hökumət buludu” (G-cloud) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılmışdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu”nun operatoru təyin edilmişdir.

Bütün dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzdə yerləşdirilməsi və “Hökumət buludu”nda formalaşdırılması nəzərdə tutulmuşdur.

Nəticədə isə, “Rəqəmsal hökumət”də “Hökumət buludu”nun tətbiqi dövlət xidmətləri üzrə real vaxt rejimində məlumatlara çıxış xidmətlərinin keyfiyyətini artırmaqla, vətəndaşlar və dövlət qurumları üçün əlverişli mühit formalaşdıracaqdır. Belə ki, “sənəd əsaslı” xidmətdən “məlumat əsaslı” xidmətə keçid təmin ediləcəkdir ki, bu da xidmətlərin “non-stop shop” prinsipində proaktiv təşkili zamanı məlumat mübadiləsinin sürəti və keyfiyyəti ilə bağlı qabaqcıl infrastrukturun mövcudluğunu qaçılmaz edir. Eyni zamanda, vətəndaşlarla iş zamanı tələb olunan məlumatların dövlət tərəfindən yalnız bir dəfə alınması və “once-only” prinsipinin təmin edilməsi dövlət informasiya sistemləri və ehtiyatları arasında sıx inteqrasiyanı labüd edir.

Hesablamalarına görə, “bulud” həllərinə bütün sektorlardan maraqlı tərəflərin qoşulması nəticəsində təşkilatların İKT-yə ayırdıqları xərc 10–20 faizədək enəcəkdir. Eyni zamanda, “bulud” texnologiyası dövlət və özəl sektor üçün mobil iş rejiminə, sürətli məhsuldarlığa, beynəlxalq standartlaşmaya, yeni idarəçilik və biznes imkanlarına, əlavə bazarlara çıxışı təmin edir.

Nəzərinizə çatdırım ki, “Hökumət buludu” artıq bir çox dövlətlərdə İngiltərə, Avstriya, Fransa, Danimarka, Norveç, Türkiyə və s. planlaşdırılma dövründə, keçid dövründə və ya icradadır.

ABŞ isə 2010-cu ildən “Bulud” təşəbbüsünə başlamış, hökumət 2011-ci ildə “Federal Bulud Hesablama Strategiyası” təsdiq etmiş, “Hökumət buludu”na keçid planını hazırlamış, 2015-ci ilədək “Bulud”a keçidi dövlət qurumlarına hədəf olaraq müəyyənləşdirmiş, dövlət qurumlarına məxsus 800 pərakəndə məlumat mərkəzini ləğv etmiş və dövlətin İT xərclərini 1/4 dəfə azaltmışdır.

                                                                       Aygün Əlizadə

                                                                     LEGALİZE hüquq şirkəti, Baş hüquqşünas

 

 

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler