Mənim Nənəm - Seyid Zəhra Seyid Həsənəli qızı Mirzadə

Mənim Nənəm - Seyid Zəhra Seyid Həsənəli qızı Mirzadə

Bu gün sizə nənəmlə (atamın anasıyla) bağlı iki hadisəni danışacam.

Babam Seyid Müseyib həbs olunub sürgünə göndəriləndən sonra (1937), nənəm təkbaşına 4 uşağı böyütməklə məşğul olur. Babam sürgünə göndəriləndə, böyük əmim Seyid Hüseyn 14, bibim Seyid Pəri 11, atam Seyid Əli 8, əmim Seyid Zeynal 5 yaşında olublar. Nənəmə arxa, dayaq olan böyük əmim Seyid Hüseyn 1944-cü ildə xəstələnərək vəfat edəndən sonra, nənəmin işi daha da çətinləşir.

Bir dəfə kolxoz qurulanda var-dövləti əlindən alınıb kolxoza qatılan babamın, geri qalan var-dövləti də həbs olunanda əlindən alındığına görə, nənəmgil madfi olaraq çox ağır vəziyyətdə yaşayıblar. Hüseyn əmimdən sonra nənəmin ən yaxın köməkçisi atam olub. O da kiçik yaşlarından gecə-gündüz çalışaraq nənəmə az da olsa kömək olmağa çalışıb.

Nənəmgil təkcə maddi çətinlik çəkməyiblər. Babam həbs olunandan sonra, babamın sağlığında onun qarşısına çıxmağa cürət edə bilməyən bəzi vicdansızlar, onun arxasınca danışmağa başlamış, onu “qolçomaq”, “kulak” adlandırmışdılar. 

Bütün bu çətinliklərə baxmayaraq, nənəm uşaqlarını layiqli şəkildə böyüdüb, hər üçünü cəmiyyətdə sayılan şəxsiyyətlərdən edə bilmişdi.

Nənəm, zəhmətkeş olmaqla yanaşı çox ağıllı qadın olub. Nənəmlə bağlı danışacağım bu iki əhvalatı oxuduqdan sonra onun həqiqətən də ağıllı bir qadın olduğunun özünüz şahidi olacaqsınız.

Əllinci illərin əvvəliymiş. Atam, Bakıda - Azərbaycan Neft-Kimya İnstitutunda, əmim isə Şuşa Kənd Təsərrüfatı texnikumnda təhsil alırmış.

Bir gün necə olursa kəndçilərdən biri kəndin ortasındakı xırman yerində, babamın arxasınca xoş olmayan ifadələr işlədir, onu söyür. Əslində o adam ziyankar adam deyilmiş. Amma necə olursa şeytana uyaraq belə bir qələt qılır. Nənəm, çox məyus olsa da, abırlı-həyalı bir qadın olduğuna görə, orda həmin adama cavab vermir.

Bu hadisədən bir müddət sonra, əmim tətilə gəlir. Dost-tanışdan kimsə əmimə xəbər verir ki, bəs o gün filankəs ananla dalaşdı, atanın qarasınca söydü.

Tanıyanlar bilir, rəhmətlik əmim iri cüssəli, güclü, dəli-dolu bir kişiydi. Qabağına hələ-hələ çıxan olmazdı. Cavanlıqda daha da güclü dəliqanlıymış. Əmim bunu eşidən kimi, əsəbi şəkildə evə gəlir və nənəmə belə bir hadisənin olub-olmadığını soruşur. Nənəm hadisəni olduğu kimi əmimə danışır. Əmim, nənəmə neçə gündür bunu mənə niyə deməmisən deyə iradını bildirir və indi gedib onu öldürəcəm deyərək qapıdan çıxmağa çalışanda, nənəm onun qabağını kəsir. Yalvarır ki, Zeynal indi getmə, vaxtı gələndə mən özüm sənə deyəcəm, gedib onun dərsini verəsən. 

Nənəm böyük çətinliklə də olsa, əmimi birtəhər sakitləşdirib fikrindən daşındırır.

Həmin hadisədən bir neçə il keçir. Babamın sovet düşmanı olduğunu öyrənəndə əmimi Şuşa Kənd Təsərrüfatı texnikumundan qovurlar. Əmim Ağdamda sürücülük məktəbini bitirir, sürücü olaraq Laçın rayonuna qayıdır. O vaxtlar hər yerdə maşın çox az idi. Laçında da lap az idi. Kənddə isə yük maşını təkcə əmimdəydi.

Yay vaxtıymış. Camaat biçin yerlərindəki otlarını qapılarına gətirmək üçün, əmimin yanına axışırmış. Əmim gündüzləri kolxozun işini görür, səhər tezdən iş vaxtına və axşamdan gecəyə qədər isə camaatın otunu daşıyırmış. Kimin otunu birinci gətirmək məsələsində nənəm də söz sahibiymiş. 

Ümumiyyətlə, nənəm qoçaq, qayğıkeş, mehriban olduğu qədər də, hökmlü qadın olub. Atam da, əmim də nənəmin sözündən heç vaxt çıxmayıblar.

Hər gün qapımıza gəlib, əmimdən xahiş edənlərin arasında, üç-dörd il əvvəl nənəmlə dalaşan, babamı söyən həmin kəndçi də varmış. Həmin adam artıq üçüncü günmüş ki, gəlib əli boş qayıdırmış. Çünki, əmim ondan qabaq gələnlərin otunu daşıyırmış.

Üçüncü gün səhər, nənəm əmimi yuxudan durğuzur. Səhər yeməyini yeyib qurtarandan sonra, qapıya çıxırlar. Yuxarıda qeyd etdiyim kəndçi və bir neçə başqası qapımızdakı tut ağacının dibində oturub əmimin kimin otunu gətirəcəyinə qərar verəcəyini gözlüyürlər.

Gözləyənlərə yaxınlaşanda nənəm üzünü əmimə çevirib: “Zeynal yadındadı, bir neçə il bundan qabaq bax bu filankəs sənin atana söymüşdü”. 

Əmim, birdən tapanca kimi atılır: “Hə, yadımdadı, indi mən onu öldürəcəm”, deyərək o adamın üstünə şığımaq istəyəndə, nənəm onu qucaqlayıb dayandırır. Nənəm: “Ay oğul, sən onu öldürmüsən artıq. O adam 3 gündür sənin qapında dayanıb sənə yalvarır ki, onun otunu gətirəsən”. Əmim nənəmin bu sözündən sonra sakitləşir.

Həmin adam isə başını aşağı salıb: “Zəhra bacı sizi and verirəm Allaha məni bağışlayın. Mən o vaxt şeytana uyub çox böyük bir səhv eləmişəm”.

Nənəm, üzünü əmimə tutur və deyir: “Zeynal, indi kimin otunu birinci gətirmək istəyirsənsə, get onu gətir”. Əmim, nənəmin nə dediyini başa düşür və həmin gün, bir neçə il əvvəl babamı söyən həmin adamın otunu gətirir.

Deyilənə görə, həmin adam, nənəm rəhmətə gedənə qədər, nənəmlə qarşılaşanda başını qaldırıb nənəmin üzünə baxa bilməyib.

 

Nənəmlə bağlı ikinici hadisə belə olub.

Yenə həmin o ağır illərmiş. Atam da, əmim də təhsil almaq üçün gediblərmiş. Nənəm gündüzləri kolxozda işləyir, axşamlar da öz bostanı ilə məşğul olurmuş. Onu da qeyd edim ki, nənəmin bostanının səliqəsi nəinki bizim kənddə, bütün bölgədə bilinirmiş.

Amma, hər yerdə olduğu kimi bizim kənddə də, özünü gözə soxmağa çalışanlar olub.

Bir gün, kənddəki həmin o “fədakar” komunistlərdən biri gəlir nənəmə deyir ki, bəs mərkəzi komitədən gələn var. Hər evdən bir nəfər mütləq getməlidir Pircahan kənd klubundakı iclasa. Nənəm bundan xahiş eliyir ki, ay filankəs mən yaşlı, tək qadınam, qoy mən getmiyim. Adam dirəşir ki, yox, mütləq getməlisən. Bunu da qeyd edim ki, həmin adam babamın sağlığında babamın qabağına çıxacaq cürətə sahib olmayanlardan biri olub.

Nə isə, nənəm görür ki, bu komunist əl çəkən deyil, durur hazırlaşır kənd camaatı ilə bir yerdə gedir Pircahana.

Klubda, nənəm qonşu kənddən gələn bir-iki qadınla birlikdə arxa sıralardan birində əyləşir. İclasda həm Bakıdan, həm də Laçından partiya rəhbərləri iştirak edirmiş. İclas başlamamışdan bir-iki dəqiqə əvvəl, bir adam kürsüdən düşüb nənəmə doğru gəlir. O adam rəhbərlikdən biri olduğu üçün, yerli komunist rəhbərlər də onun arxasına düzülüb nənəmin oturduğu sıraya doğru yönəlirlər. Nənəmi məcbur edib iclasa gətirən adam da nənəmə tərəf gələn rəhbər işçinin arxasında öz yerini alıb.  Adam nənəmə yaxınlaşıb: “Zəhra mama salam. Nətərsən ? Mənəm ey, filankəs. Filan kənddən filankəsin oğlu. Ay Zəhra mama, biz sizin o qədər çörəyinizi yemişik ki, sizə ömür boyu borçluyuq, sizi heç vaxt unutmarıq ”.

Nənəm, yuxarı kəndlərin birindən olan bu adamı tanıyır. Nənəmin anası Laçının Daşlı kəndindən (Nənəş nənəm, Daşlıdan Məşədi Qələndərin qızı olub) olduğu üçün, babamın sağlığında o camaat Laçına gedəndə də, qayıdanda da bizim qonağımız olub. Bizim evdə çörək kəsib, bəzən də gecə bizdə qalıb, səhərisi gün öz evlərinə yola düşürmüşlər.  

Nənəm: ”Çox sağ ol, oğlum yaxşıyam. Siz nətərsiniz? Anangil nətərdilər?”.

Adam: “Yaxşıyıq Allaha çox şükür. Anamgil də yaxşıdılar, çox sağ ol. 

Ay Zəhra mama, axı sən nə əziyyət çəkib bura gəlmisən? Səni kim gətirib bura? Niyə sən yaşda adama əziyyət veriblər?”

Nənəm danışırmış ki, həmin an gözüm, məni ora getməyə məcbur edən komunistə sataşdı. Adam dümağ ağarmışdı. O elə bilirdi ki, mən onun adını çəkəcəm. Mən isə, rəhbərlikdən gələn adama dedim ki, oğlum özüm gəlmişəm. Dedim görüm ölkədə nə yenilik var. 

Nənəm danışırmış ki, iclas qurtardı. Geri qayıdanda həmin komunist mənə yaxınlaşdı və başını aşağı salıb: “Zəhra bacı məni bağışla”, dedi. O vaxtdan sonra, həmin komunist bir daha nənəmi iclasa getməyə məcbur etmiyib.

 

Bu gün sizə, adı çəkiləndə həmişə böyük sevgi, qürur hissi keçirdiyim sevimli nənəm haqqında iki kiçik epizodu yazdım. Fürsətdən istifadə edib, nənəmə, dünyasını dəyişən o biri əzizlərimə, bütün xeyir əməl sahibi, yaxşı insanlara rəhmət diləyirəm.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler