Tədris ocaqları həyat məktəbləridir. Unudulmaz müəllimim - Professor Burhan Aytuğ
Tədris ocaqları - orta və ali məktəblər - təkcə akademik bilik mənbələri yox, insanı formalaşdıran həyat məktəbləridir. Əgər bu məktəb səviyyəli məktəb, ordakı müəllimlər də əsl müəllimlərdirsə, onda o məktəblərdən məzun olanların əksəriyyəti cəmiyyət üçün yararlı insanlar olaraq məzun olacaqlar. Əks təqdirdə nəticə ürəkaçan olmayacaq.
Mən, istər 1 - 7-ci sinifləri oxuduğum ilk məktəbim olan Laçın rayonu, Alıqulu kənd 8 illik məktəbi olsun, istər 7 - 10 - cu sinifləri oxuduğum Pircahan kənd orta məktəbi olsun, istərsə də ali təhsil aldığım İstanbul Universiteti Meşəçilik fakültəsi olsun, bu hər üç təhsil ocağında təhsil aldığım üçün özümü şanslı sayıram.
Bu gün, universitet illərimdən yaddaşımda savadlı elm adamı, mükəmməl insan, dəyərli müəllim kimi həkk olunan bir müəllimi böyük hörmətlə yad edirəm. Mənim müəllimim və diplom işimin qeyri-rəsmi məsləhətçisi, Türkiyədə palinologiya (polen və sporlar haqqında elm) elminin banisi, iki dönəm İstanbul Universiteti, Orman Fakültəsi dekanı olmuş, uzun illər Botanika Kafedrasının müdiri işləmiş professor Burhan Aytuğdur.
Burhan hocam, mənim yaddaşımda təkcə savadlı elm xadimi kimi yox, ədalətli, sadə, mədəni, xeyirxah, vətənpərvər bir insan kimi qalıb. Çox şanslıyam ki, Burhan Aytuğ hocamın fakültədə sonuncu semestr ders verdiyi tələbələr arasında mən də olmuşam.
Mükəmməl dərs anlatma tərzi, ədalətli qiymətləndirmə xüsusiyyəti ilə seçilən bir müəllim idi Burhan hocam.
Xatırlıyıram, ilk tanışlığımız, hocamın "Meşə ağaclarının həyatı" dərsinin imtahan nəticələrini elan etməsiylə başlamışdı (Mən həmin dərsdən ən yüksək qiyməti almışdım). Qiymətləri oxumuş, növbə mənə çatanda, duruxmuş və soruşmuşdu: "Yavrum sen nerelisin?"
Mən də, "Azerbaycanlıyım hocam", demişdim.
"Ama senin Türkçen çok güzel. Benden bile iyi Türkçe konuşuyorsun. Helal olsun sana" demişdi.
Mən də, təşəkkür etmişdim.
Mən 3-cü kursda oxuyanda Burhan hocam təqaüdə çıxmışdı. Artıq dərslərə girmirdi. Ancaq çox hörmətli müəllim olaraq fakültədə məsləhətçi müəllim olaraq saxlanılmışdı. Günün çox vaxtı, kafedrada böyük zəhmətlə qurduğu otaq-laboratoriyasında olurdu.
Diplom işimi hansı mövzuda götürməyim haqqında ondan məsləhət almaq üçün bir gün dərsdən sonra hocamın otağına getdim. Məramımı bildirdim. O da mənim öz fikrimin olub-olmadığını soruşdu. Mən də ona iki ağac üzərində dayandığımı bildirdim.
Dəmir ağacı (Parrotia persica - bu ağacı ingilis dilində "Iranian iron tree" adlandırırlar) və Eldar şamı (Pinus eldarica)ndan biri ilə bağlı yazmaq istədiyimi dedim.
O da, "Dəmir ağacını Türkiyədə az-çox tanıyırlar, amma Eldar şamını heç tanımırlar. Əgər mənim məsləhətimə qulaq assan, mən Eldar şamını məsləhət görürəm".
Mən Burhan hocamın məsləhətini eşitdim və 2 il ərzində "Eldar şamının daxili və xarici morfolojik xüsusiyyətləri ilə Azərbaycandakı coğrafi yayılışı" adlı diplom işini hazırladım.
Diplom işimin rəsmi məsləhətçisi rəhmətlik professor Asuman Efe xanım olsa da, bütün bu iki il ərzində Burhan Aytuğ hocamın dəyərli məsləhətlərini dinlədim. Ən vacibi isə, Eldar şamı odununun anatomik tərkibini Burhan hocamla bir yerdə onun laboratoriyasında incələdik.
LinkedIn tarafından öneriliyor
Burhan Aytuğ hocam yaşam tərzi ilə də bir nümunəydi. Düşünün ki, şəhərdə, yolda, meşədə, parkda vs olanda çəkdiyi siqaretin kötüyünü atmağa zibil qutusu tapmayanda, onu söndürüb cibinə qoyar, kabinetinə və ya evinə çatanda cibindən çıxarıb zibilə atardı.
Şəhərdə işi olanda, fakültədən maşını ilə İstanbul orman bölgə müdürlüğünə qədər gələr, maşınını orda qoyub şəhərə avtobusla gedərdi.
Bir dəfə laboratoriyada işləyəndə söhbət siyasi görüşlərdən düşmüşdü. Mən, milliyətçi görüşə sahib olduğumu bildirəndə, çox təqdir etmişdi.
Fransada yaşayanda, Türklərə dil uzadan bir fransız müəllimlə necə dalaşdığını və təhsilini riskə atsa da, milliyətinə dil uzadanların cavabını həmişə verdiyindən danışmışdı.
Diplom işimdə, bir səhifəyə yaxın ermənilərin Azərbaycana qarşı təcavüzündən, murdar düşmənin təkcə insanları yox, meşələri də məhv etdiyindən yazmışdım. Asuman xanım təklif etdi ki, bu məsələni çox geniş yazmayım. Məsələ siyasiləşə bilər. Ona görə də yazını qısaltmağa məcbur oldum. Bu məsələni Burhan hocama bildirəndə təəccüblə, Asuman niyə elə deyib bilmirəm, amma mən olsam icazə verərdim. Çünki sən həqiqətləri yazmısan.
A4 formatda, 41 səhifəlik diplom işimi çap etdirən kimi, bir nüsxəsini Burhan hocama apardım. Yanında asistentnlərindən biri vardı (səhv xatırlamıramsa Ünal Alptekin idi). Diplom işini əlinə alıb bir neçə dəqiqəyə oxudu (əslində diplom işimə hissə-hissə bələd idi) və özünə məxsus pozitiv üz ifadəsiylə belə dedi: "Rza, yavrum, bu lisans tezi, hatta yüksek lisans tezi değil, bu bir doktora tezidir. Helal olsun sana. Seni yürekten kutluyorum".
1997-ci ildə universiteti bitirdim. Həmin vaxtlar iş axtarmaq üçün CV hazırlayırdım. CV-də haqqımda referans verə biləcək iki nəfərdən birinin TEMA vəqfindən Ümit Şüvağ, o birisinin Burhan Aytuğ olmasını istədim. Fakültəyə gedib hocamla görüşdüm. Onu CV-də referans göstərə bilib bilməyəcəyimi soruşdüm. Burhan hocam, həmişəki səmimiyyətlə, "Yavrum elbetteki gösterebilirsin. Gerekirse bizzat kendim gelir, seni anlatırım" dedi.
Gaysan Mobilya və Global Maya şirkətlərinə işə girəndə, ona zəng vurub mənim haqqımda soruşmuşdular. O da haqqımda elə danışmışdı ki, hər iki şirkətdə adamlar mənə "Rza bəy müəlliminiz sizə çox böyük dəyər verirmiş" dedilər.
2001-ci ilin oktyabr ayında İstanbulda olanda Orman Fakültəsinə getdim. İlk olaraq Burhan Aytuğ hocamla görüşdüm. Günorta yeməyinin vaxtı idi. Məni də özüylə bir yerdə müəllimlərin yeməkxanasına yemək yeməyə apardı. Daha doğrusu məcbur etdi. Mən çox utanırdım. O isə, "yavrum sən də bizlərdən birisən artıq", deyib məni məcbur özüylə apardı.
Yeməkxanaya girəndə, yüksək səslə "Arkadaşlar, her halde Rza yavrumuzu hatırlıyorsunuz?" dedi.
Dekandan tutmuş, assistentlərə qədər orda olanların əksəriyyətini tanıyırdım. Onların da çoxu məni tanıyr və hörmətimi saxlayırdılar.
Yeməkdən sonra Burhan hocamla görüşüb ayrılmışdıq.
Bu, mənim dəyərli hocamla axırıncı görüşüm olmuşdu.
Burhan Aytuğ hocam bir neçə il əvvəl rəhmətə gedib. Allah dəyərli Hocamın yerin cənnət eləsin.
Fürsətdən istifadə edib, dünyasını dəyişmiş bütün müəllimlərimə Uca Allahdan rəhmət diləyirəm. Yaşayan müəllimlərimə can sağlığı, uzum ömür arzulayıram.