Təhlil, sintez və bu yanaşmaların Fintech mobil applikasiya misalında tətbiqi

Təhlil, sintez və bu yanaşmaların Fintech mobil applikasiya misalında tətbiqi

Təhlil və sintez anlayışları nədir?

“Analiz” sözünün ana dilimizə tərcüməsi “təhlil”-dir. Təhlil ərəb sözüdür, buna bənzər “həll” sözü eyni kökdəndir. Təhlil – həll etmək, mürəkkəb olanı sadələşdirmək deməkdir. “Əhliləşdirmək” də eyni kökdəndir. Hətta şübhəm var ki, “məhlul”, “məhəllə” də bu kökdəndir, məhəllə mürəkkəb  olan bir şəhərin kiçik hissəsidir. Maraqlıdır, ingilis dilində həll - “solution” deməkdir, “solve”, “dissolve”, “resolve” da mürəkkəb olanı sadələşdirmək mənalarını daşıyır.

 Düzdür, mövzunun başlığını “Təhlil, sintez və ....” adlandırdım, lakin aşağıda məsələyə akademik yanaşmanı daha da vurğulamaq üçün analiz sözündən imtina etmədim, bu sözü istifadə edəcəyəm.

Yuxarıda, təhlil sözünün mənasını nəzərə alaraq daha akademik tərif versək:

“Analiz -sistemi komponentlərinə bölərək müəyyənləşdirmək, onların funksiyalarını, öz aralarında əlaqələri anlamaq və beləliklə sistemin nə iş gördüyünü başa düşməkdir”.

Misal: Bir nəqliyyat vasitəsini götürüb analiz etsək, içində əyləc, sükan, motor və sairə komponentlərdən ibarət olduğunu müəyyənləşdirəcəyik. Bu komponentlər hər biri nə edir, bunu nə üçün edir başa düşmüş olarıq.


Fikir verirsinizsə analiz olunacaq predmet nədirsə müəyyənləşdirmə fəaliyyətinin istiqaməti həmin obyektin daxilinə doğrudur.


 

Bəs sintez nə deməkdir?

Sintez “sistemin özü də onu əhatə edən başqa bir sistemin tərkibindədir” fikri ilə o üst sistemin (buna supersistem deyilir) digər komponentlərini müəyyənləşdirmək, beləliklə bizim sistemimizin bu supersistemdəki rolunu başa düşməkdir”.

Çox loru və sadələşdirmiş desək, sintez  - yenə analizdir, ama predmetin tərkibində olduğu supersistemin analizidir!

Yenə nəqliyyat vasitəsi misalında sintez etsək, nəqliyyat vasitəsinin xaricində yol, digər nəqliyyat vasitələri, binalar, dayanacaq, nəqliyyat nazirliyi və digər komponentləri müəyyənləşdirmiş olacağıq. Bunlar arasında mübadilə, informasiya axını, birinin işi digərinə təsiri, bunlar hamısı artıq sintez olacaqdır.


Burda da yenə predmet var. Lakin müəyyənləşdirmə fəaliyyətinin istiqaməti həmin obyektin xaricinə doğrudur.


İstər analiz, istər sintez – hər ikisi üsuldur, yanaşmadır. Məsələn bir şeyə tərif verməkdə çox kömək edir. Yenə nəqliyyat vasitəsi misalında “nəqliyyat vasitəsi nədir?” sualına cavabı hər iki yanaşma ilə tapmaq olar:

1)   Analiz etsək “əyləci, sükanı və motoru olan, içində oturanı A-dan B-yə aparan vasitə” tərifini tapacağıq.

2)   Sintez etsək “digər nəqliyyat vasitələri ilə yanaşı nəqliyyat nazirliyinin qaydalarına riayət edərək yol üstündə dayanacaqdan dayanacağa sürücüsünə səyahət imkanı tanıyan vasitə” tərifini tapacağıq

Hər iki cavab düz olacaq.

Yaxşı bəs bu qədər bu tərifləri müəyyənləşdirməyə vaxt sərf etdik, hansı yanaşma daha üstündür?

Əlbəttə ki hər yanaşmanın öz yeri var. Gördüyümüz kimi nəqliyyat vasitəsinin tərifini verəbiliriksə, axı nə fərqi var hansı yanaşmanı tətbiq edək?

Fərqi budur ki, sintez obyektin xaricinə istiqamətləndiyinə görə, o obyektin supersistemdə rolunu, əhəmiyyətini daha yaxşı vurğulamış olur. Bir insidentin, problemin araşdırılmasında analiz əvəzedilməzdir.

Mütləq ki, “out of box” və ya “design thinking” dediyimiz düşüncə tərzləri məhz sintez yanaşması ilə mümkündür.


İndi bunu misalla izah edək:

Düşünün biz Fintech şirkətiyik. Müştərinin gündəlik ödənişlərini rəqəmsal platformada nəğdsiz həyata keçiririk.Bu təşkilatımızda fintech olan mobil applikasiyamızı quran, sazlayan, yeni funksionalı bazara təqdim edən bir tərtibatçı komanda var. Düşünün biz bu mobil applikasiyanı yeniləmək, təkmilləşdirmək qərarına gəldik. Bu andan iki yanaşmanı tətbiq edək:

Analiz

Mobil applikasiyamızı analiz etsək, məlum olacaq ki, bu mobil applikasiya müəyyən infrastrukturu və dizaynı var.

 

Mobil applikasiyanın arxitekturası

 

Mobil applikasiyanın dizaynı
Bu cür bir applikasiyanı optimallaşdırmaq, təkmilləşdirmək mövcud olan komponentlərə fokuslanacaq.

Funksionalı daha qısa və effektiv istifadəçiyə çatdırmaq, daha az infrastruktur resursları ilə daha çox əldə etməyə fokuslanacaq. Yəni təkmilləşdirmə istiqaməti analizin istiqamətində - applikasiyanın daxilinə olacaq.

Sintez

Mobil applikasiyamızı sintez etsək, o zaman o mobil applikasiyanın istifadə olunan mühiti və ən əsası onun istifadə edən istifadəçiləri müəyyən etmiş olacağıq. Bir istifadəçi fintech mobil applikasiyasını gündəlik olaraq nə üçün istifadə edir?

İstifadəçinin pul vəsaitləri ilə etmək istədikləri

Məlum olur ki, istifadəçi gündəlik olaraq əslində ancaq ödənişləri tez reallaşdırmaq yox, öz pul vəsaitlərini gələcəyi ilə əlaqədar planlarına sərf etmək istəyir. 1) Vəsaitlərini qorumaq, daha parlaq gələcəyinə sərf etmək istəyir. 2) Burada hər bir fərd ailə üzvü olduğuna görə, ailəsini də buna motivasiya etmək istəyir. Bəlkə də yaxın dostları ilə də hansısa birgə çatacaqları hədəfləri güdür. 3) Ümumiyyətlə hara sərf etdiyini və daha effektiv bunu necə edəcəyini bilmək istəyir.

Bir üst mərtəbəyə çıxsaq istifadəçinin olduğu supersistemi, yəni cəmiyyəti, dövləti kəşf etmiş olacağıq. Bir dövlət vətəndaşından öz maliyyəsini necə idarə etməsini arzu edir?  Cəmiyyətin maliyyə üzrə istifadəçidən gözləntiləri nədir?

 

Burdan da məlum olacaq ki, dövlət də vətəndaşının parlaq gələcəyinə çatmasında maraqlıdır, iqtisadi inkişafını vətəndaşın 1) öz büdcəsi idarə edə bilməsində, vergiləri planlaşdırmaqda, daha uzun müddətli investisiya etməsində, 2) fövqəladə hallar üçün hazır olmasında və ən vacibi bunlar 3) maarifləndirmə və müvafiq avtomatlaşdırma vasitələri ilə həyata keçəcəyini gözləyir.

O zaman bu sintezdən fintech misalında mobil applikasiyanın təkmilləşdirmə imkanları belə olabilər:

1) Müxtəlif xərc mərkəzlərini qeyd etmək imkanı - məsələn istifadəçinin iki evi var və hər ev üçün kommunal xidmət şablonlarını qruplaşdırabilmək, ki istifadəçi görsün ki, xərc mərkəzləri nələrdir və nə ilə fərqlənir (Məsələn Sberbank belə bir funksiya təklif edir)


2) Gələcəkdə təhsilimə, hədiyyəyə, maşına ayıracağım və bunu davamlı edəbilməyim üçün"pul qabı" (ingilizcə "money pot") imkanı. Əlbəttə bunu ailə üzvləri ilə vahid hədəflər üzrə bir yerə toplamaq imkanı ilə.

 

 3) Xərclər üzrə ciddi trend, diagram, hesabat imkanları. Sezon üzrə, fərqli evlər üzrə, yenə xərc üzrə limit qoymaq və bu barədə bildiriş aktivləşdirmək imkanı ilə.


Qeyd: Belə imkanlar sadəcə misaldır və bu funksiyalar artıq dünya fintech praktikasında istifadə olunur.

Xülasə

Analiz etməyi bir çox İT menecer və İT mütəxəssis vəzifə gərəyi çox gözəl bacarır. Şəbəkə topologiyasını çəkən şəbəkə mühəndisi, şəbəkə infrastrukturunun faktiki olaraq komponentlərini və onların əlaqələrini qurabilməsini analiz bacarığına borcludur. Ümumiyyətlə mühəndis kiçik parçaları birləşdirərək işlək sistemi qurabilən, yəni parçaların funksiyalarını və birbirinə təsiri, əlaqələri təsəvvür etməyi bacaran şəxsdir.

Ümumiyyətlə hamı analiz etməyi az çox bacarır və bu üsul çox tətbiq olunur. Lakin sintez üsulu çox nadir hallarda tətbiq olunur.

Hətta olabilsin ki, bu məqaləni oxuyan Siz, sintez tərifini ilk dəfə eşidirsiniz.


Bəs sən SİNTEZ yanaşmasını tətbiq edirsən mi????

Yəni menecer geniş və əhatəli düşünəcək (think and work holictically) və xidmətlərinin harda və nə üçün tətbiq olunduğunu (focus on value) düşünməyi, sintez etməyi bacarmalıdır.

2019-cu ildə yenilənən İTİL4 (İTİLv3-dən fərqli olaraq) İT menecerlərini “Value stream”, “UX və CX”, “Customer journey”, “XLA” və bir çox başqa vasitələrlə “out of box” olmağı, daha çox biznes partnyor rolunu üstlənməyi çağırır.

Biz bu anlayışların praktiki olaraq tətbiqi barədə növbəti məqaləmizdə danışacağıq.

İTİL4 bizi daha çox sintez etməyə dəvət edir.

Müvəffəqiyyətlər!

Vusal Abbasov

Head Of Information Technology Department

3ay

Çox gözəl izah etmisiz. Təşəkkür edirəm.

Rahat həzm olunan məqaləyə görə təşəkkürlər.

Ali Gojayev

Principal Software Engineer at Azercell

4ay

Yaxşı hazırlamısız, təşəkkür edirəm

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler