Vərəsəlik haqqında bilmədiklərmiz
Vərəsəlik haqqında bilmədiklərmiz
Bəzən real həyatda elə anlar ola bilər ki, insan vəfat etdikdə öz qohumlarına və yaxınlarına miras ilə bağlı (əgər mirasa mənzillər, yaşayış evləri və s. daxildirsə) çoxlu sayda problemlər yaratmış olur. Vərəsələr arasında miras ilə bağlı çoxlu mübahisələr yaranır, qohumlar isə bir-birinə düşmən kəsilir. Bu mübahisələrdən yan keçmək üçün mütləq vərəsəlik hüququnun əsas müddəalarını bilmək lazımdır.
Vərəsəlik ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Vərəsəliyin iki növü müəyyən edilir: vəsiyyət üzrə və qanun üzrə vərəsəlik. Qanun üzrə vərəsəlik – miras qoyanın miras-, yəni şəxs vəfat etdikdə və vəsiyyətnamə qoymadıqda ölən şəxsin (miras qoyanın) mirasının qanunda göstərilən şəxslərə keçməsini nəzərdə tutur. Real həyatda “qanun üzrə vərəsəlik” vəsiyyət üzrə vərəsəliyə nisbətdə daha tez-tez rast gəlinir. Nəyə görə? Birincisi, vətəndaşların ölümündən sonra əmlakların bölgüsü barədə vərəsəlik hüququnda təsbit olunan qaydalar vətəndaşların əksəriyyətini qane edir. Çünki qanun üzrə vərəsələr miras qoyanın ən yaxın qohumlarıdır; İkincisi, ölüm daim qəflətən baş verir və miras qoyan şəxs qabaqcadan vəsiyyətnamə tərtib etmək imkanı olmur; Üçüncüsü, sırf psixolojidir, yəni, insanlar ölüm haqqında fikirləri özlərindən uzaqlaşdırmaq üçün vəsiyyətnamə tərtib etmirlər.
Tarixə nəzər salsaq görərik ki, Roma hüququnda mövcud olmuş “XII cədvəl qanunları” (e.ə V əsrin ortalarında tərtib edilmişdir), o cümlədən də “Yustinianın qanunları”nda vərəsəlik ilə bağlı, xüsusilə də qanun üzrə vərəsəliyə dair müddəalara rast gəlmək olar. XII cədvəl qanunlarına görə, ölən şəxsin hakimiyyəti altında olanlar, yəni ölən şəxsin uşaqları, nəvələri birinci növbəyə daxil edilirdilər. Həmin vərəsələr “zəruri vərəsələr” sayılırdı və ölən şəxsin iradəsindən asılı olmayaraq vərəsəliyi qəbul edirdilər. Əgər miras qoyan şəxsin “zəruri vərəsələri” yoxdursa, yaxın aqnat qohumu çağırılırdı.[1] Əgər vərəsə qoyan şəxsdən sonra aqnat qohumlar qalmayıbsa, onda vərəsəliyə gentlilər çağırılırdı.[2]
Yustinianın qanunlarına görə isə qanun üzrə vərəsəliyin aşağıdakı növləri müəyyən olunur: Birinci növbəyə – oğullar, qızlar və nəvələr, bir sözlə aşağı xətt üzrə qohumlar;[3] İkinci növbəyə – ata, ana, baba, nənə, doğma bacı və qardaşlar; Üçüncü növbəyə – ögey bacı və qardaşlar və onların uşaqları; Dördüncü növbəyə – yerdə qalan bütün yanakı qohumlar aid edilirdi. Yuxarıda göstərilən dörd növbədən birində vərəsə olmazsa, onda vərəsəliyə sağ qalan ər (arvad) çağırılıdı. Məhz sonuncu olan ərin (arvadın) qanun üzrə vərəsələr sırasında yeri mühüm əhəmiyyət kəsb edir.
Lakin, Azərbaycan Respublikasında vərəsəlik hüquq münasibətləri, 28 dekabr 1999-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra AR MM) ilə tənzim edilir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bir sıra inkişaf etmiş Avropa dövlətlərində vərəsəlik hüquq münasibətləri, həm məcəllələşdirilmiş formada (bura Fransa, İtaliya, Rusiya, Almaniya) həm də ayrı-ayrı qanunlarla (bura isə İngiltərə, İspaniya, Bolqarıstan aiddir) tənzim olunur.
AR MM-in 1159-cu maddəsi qanun üzrə vərəsəliyin 5 növbəsini nəzərdə tutur.
Birinci növbəyə miras qoyanın uşaqları, miras qoyanın ölümündən sonra doğulan uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildir.
İkinci növbəyə miras qoyanın bacıları və qardaşları.
Üçüncü növbəyə həm ana tərəfindən, həm də ata tərəfindən nənə və baba, nənənin anası və atası, babanın anası və atası daxildir.
Dördüncü növbəyə xalalar və bibilər, dayılar və əmilər daxildir.
Beşinci növbəyə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
“Ər-arvad” anlayışına gəldikdə isə, qeyd edək ki, bu anlayış-miras qoyanla, miras açılanadək nikahda olan şəxsləri əhatə edir. Məsələn, keçmiş ər (arvad) miras qoyanın vərəsəsi ola bilməz. Bu barədə AR MM-in 1163-cü maddəsində daha geniş şəkildə təsbit olunmuşdur.
Lakin Almaniya, Fransa mülki qanunvericiliklərində vərəsəlik zamanı ərin (arvadın) hüquqi vəziyyəti müəyyən qədər fərqlidir. Almaniya Federativ Respublikasında – 1896-cı ildə qəbul olunmuş Mülki Qanunlar Külliyyatının V cildi “Vərəsəlik hüququ”na həsr olunub. Almaniya Mülki Qanunlar Külliyyatına əsasən, vərəsələrin kateqoriyaları və vərəsəliyə çağırılan növbələr – «parantella» ilə müəyyən olunur. Parantella-dedikdə ümumi əcdaddan və onun aşağı xətt üzrə qohumlarından törənən qan qohumları qrupu başa düşülür. Almaniya mülki qanunvericiliyi qanun üzrə vərəsəliyin beş parantellasını müəyyən edir. Almaniya MQK-na əsasən, qanun üzrə vərəsəlik zamanı ər (arvad) I, II və III parantellalardakı qohumlarla yanaşı bərabər pay hüquqlu vərəsə ola bilər. Eyni zamanda, göstərilən parantellalarda olan qohumlar miras açılanadək sağ qalmazsa, onda bütün əmlakın vərəsəsi kimi sağ qalmış ər (arvad) çıxış edir.
Fransa Respublikasında – vərəsəlik məsələləri 1804-cü ildə qəbul olunmuş Mülki Məcəllədə təsbit olunub. Hətta, bu Məcəllə “Napoleon Məcəlləsi” də adalandırlır. Belə ki, Mülki Məcəllənin I titulu – vərəsəlik haqqında, II titulu isə şəxsin sağlığında bağışlanma və vəsiyyət haqqında məsələləri tənzim edir. Fransa mülki qanunvericiliyi qanun üzrə vərəsəliyin dörd növbəsini təsbit edir. Fransa Mülki Məcəlləsinə müvafiq olaraq, ər (arvad), I dərəcənin vərəsələri ilə yanaşı mirasın 1/4 hissəsinə, II və III dərəcənin vərəsələri ilə yanaşı isə mirasın yarısına sahib olur. İspaniya Mülki Məcəlləsində isə yuxarıda göstərilənlərdən tamamilə fərqlidir. Məcəlləyə əsasən, sağ qalmış ər (arvad) yalnız üçüncü növbəyə daxil edilib.
Bütün bu göstərilənlərə aid bir misal göstərək. Belə ki, 30 ildən çox nikahda olan arvadın əri vəfat edir. Birgə nikahdan oğlu var. Əgər Türkiyə, Almaniya, İspaniya və Fransa qanunlarına müraciət etsək, arvad vərəsə kimi mirasın dörddə birini almaq hüququ var. Lakin, Azərbaycan, Rusiya, Qazaxıstan, Belarusiya və bir sıra digər ölkələrin qanunvericiliyinə diqqət yetirsək görərik ki, belə bir halda miras ölən şəxsin oğlu və arvadı arasında bərabər bölünür.
Bir sözlə desək, qanun üzrə vərəsəlik zamanı ərin (arvadın) vərəsə kimi çıxış etməsinə münasibətdə dünya dövlətlərinin mövqelərini iki qrupa ayrılır. Baxmayaraq ki, bu gün müasir bir dövrdə, qloballaşan bir dövrdə yaşayırıq, lakin antik dövrlərin qaydalarının bu gün də bəzi ölkələrin qanunlarına siraət etdiyinin şahidi oluruq. Bu nə qədər ədalətli və məntiqlidir? Köhnə stereotiplərə son qoyub yeni düşüncə müstəvisinə keçməyin vaxtı çatmadımı?
[1] Roma ailə hüququ münasibətlərində qohumluğun 2 növü məlum idi; 1) aqnat və 2) koqnat. Aqnat qohumluq dedikdə-yalnız tabeçilik başa düşülür. Koqnat qohumluq isə – qan qohumluğudur. Məsələn: ata, oğul, baba, nəvə, qardaş, bacı və s.
[2] Gentillər – arvad tərəfindən qohumluq əlaqəsində olanlar sayılırdı.
[3] Onu da qeyd edək ki, Roma hüququnda qohumluq, xəttlər və dərəjələr üzrə müəyyən edilirdi. Qohumluğun iki xətti var idi: 1) Düzünə xətt üzrə qohumluq və 2) yanakı xətt üzrə qohumluq. Bir-birindən yaranan şəxslər (məsələn: ana və qızı, nənə və baba) düzünə xətt üzrə qohum adlandırılırdı. Düzünə xətt üzrə həmin şəxsdən doğulanlar onun nəvə, nəticəsi (oğul, nəvə, nəticə) aşağı xətt üzrə qohumlar sayılırdı. Bir-birindən yaranmayan, lakin ümumi əjdaddan yarananlar yanakı xətt üzrə qohum adlandırılırdı (Məsələn: qardaşlar, əmilər və qohumlar).