Avrozonada inflyasiya, Amerikada NFP göstəriciləri birjalara yön verəcək - 01.04.2024

Avrozonada inflyasiya, Amerikada NFP göstəriciləri birjalara yön verəcək - 01.04.2024

Ötən həftə Amerikada proqnozların üzərində açıqlanan ÜDM göstəriciləri fonunda dollar major valyutalar qarşısında üstünlüyünü davam etdirdi. Lakin həftə sonu Pasxa Bayramı ilə əlaqədar olaraq əmtəə və fond birjaları bağlı idi.

Cari həftə ərzində isə Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP, Avrozonada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, həmçinin Ameriakda, Avrozonada, Almaniyada və İngiltərədə yayımlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

ABŞ-da əmək bazarına dair hesabat

İnvestorlar inflyasiyanın mülayimləşdiyi, lakin iqtisadi inkişaf səviyyəsinin ciddi geriləmədən yayına bildiyi,  FED-in faiz dərəcələrində “yumşaq eniş” üçün hazırlaşdığına dair artan inam şərairində bazar iştirakçıları cümə günü dərc olunacaq əmək bazarına dair hesabata fokuslanacaqlar.

Mart ayında ABŞ-ın qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayındakı  artımın fevralda qeydə alınmış 275 minlik artımla müqayisədə 205 min nəfərə qədər yavaşlaması ehtimal edilir.

FED-in mart iclasında iqtisadi artım proqnozunu yüksəltsə də, bu il üç faiz endirimi fikrinə sadiq qalması, iqtisadiyyatda faiz dərəcələrində “yumşaq eniş” ümidlərini artırıb.

Əmək bazarı məlumatlarından əvvəl investorlar çərşənbə günü FED sədri Cerom Pavel də daxil olmaqla bir neçə FED rəsmisinin açıqlamalarını dinləmək şansına sahib olacaqlar: Nyu-York FED-in sədri Con Uilyams, San-Fransisko FED-in sədri Meri Deyli və Riçmond FED-in sədri Tomas Barkin çıxış edəcək.

Həmçinin cari həftə ərzində Amerikada “JOLTS” Boş və Vakant İş Yerləri Hesabatı, eləcə də, İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi önəmli iqtisadi rəqəmlər, Avropa Mərkəzi Bankının son toplantısının protokolları dərc olunacaq.

2-ci rüb başlayır

ABŞ fond bazarları süni intellektlə əlaqəli səhmlər üçün nikbinlik və FED-in bu il faiz dərəcələrini aşağı salmağa başlayacağı ehtimalları fonunda ilə güclü start verib.

ABŞ-da üç əsas indeksin hər biri möhkəm rüblük qazanc əldə edib. “S&P 500”, 2019-cu ildən bəri ilk rübdəki ən böyük qazancı əldə edərək 10%-dən çox yüksəlib.

Bu yüksəlişin ikinci rübdə də davam edib-etməyəcəyi böyük ölçüdə FED-dən asılıdır. İlin əvvəlində bazarlar FED-dən altı faiz endirimi gözləyirdi; İndi yalnız üç faiz endirimi nəzərdə tutulur və rəsmilər hələ də inflyasiyanın faiz endiriminə haqq qazandırmaq üçün kifayət qədər aşağı düşdüyünə dair siqnal vermirlər.

Güclü təcilin davamı həm də aprelin ikinci həftəsində ciddi şəkildə başlayan korporativ mənfəət hesabatlarından asılı olacaq.

EUR 

Avrozonada, Avropa Mərkəzi Bankının iyun ayında faiz dərəcələrini azaldacağı ilə bağlı fərziyyələr fonunda çərşənbə günü yaxından izlənilən mart ayı üçün İstehlak Qiymətləri İndeksi məlumatları açıqlanacaq.

Qeyd edək ki, Avrozonada inflyasiya ilin əvvəlindən yüksək olaraq qalır və ECB-nin yayda faiz dərəcələrini azaltması üçün isə hələ çox aşağı düşməlidir. Buna görə də, növbəti üç inflyasiya hesabatı bazarlar və ECB üçün əsas əhəmiyyət kəsb edir.

İnflyasiya səviyyəsində yuxarıya doğru sürpriz artım qeydə alınarsa, faiz dərəcəsinin azaldılması ehtimalları kəskin azalacaq.

Şənbə günü çıxış edən ECB İdarə Heyətinin üzvü Robert Holzman, Avropa iqtisadiyyatının ABŞ-dan daha yavaş böyüdüyünə diqqət çəkdi və faiz dərəcəsinin FED-dən əvvəl azaldıla biləcəyini söylədi.

Ardıcıl 3-cü həftədir ucuzlaşan EURUSD məzənnəsi ötən həftə Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər fonunda paritet 1.08$ həddinin altına düşdü və həftəlik şamını 1.0790 səviyyəsində bağladı. 

Təhlillərə əsasən, Avrozonada inflyasiyada artım qeydə alınarsa, EURUSD məzənnəsi yenidən bahalaşa bilər. “Buğalar” qiyməti 1.08$ səviyyəsinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Dolların major valyutalar qarşısında bahalaşmasının təsiri ilə funt-sterlinq də dollar qarşısında 3-cü həftəyə də enişlə başladı. Lakin ötən həftənin sonuna doğru bir qədər toparlanan GBPUSD məzənnəsi həftəlik şamını 1.2620 səviyyəsində bağladı. 

Təhlillərə əsasən “buğalar” qiyməti 1.26$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, 2 həftədir davam edən eniş tendensiyası artım tendensiyası ilə əvəz oluna bilər.

JPY

Yaponiya və Çində pul vahidləri güclü dollara görə aylardır saxladıqları səviyyələrdən aşağı düşdüyü üçün yüksək həyəcan vəziyyətindədirlər.

Yen bir dollar üçün 152 səviyyəsinə enməsi və yuanın bir dollar üçün güclü 7.2 yuan səviyyəsindən yuxarı qalxmaq üçün mübarizə aparması ilə əlaqədar mərkəzi bank rəsmiləri valyutaları dəstəkləmək üçün səyləri artırıblar.

Yaponiya Mərkızi Bankı şifahi xəbərdarlıqla kifayətlənsə də, Çində isə dövlət bankları yuan alıb dollar satır.

İki əsas Asiya valyutasının ciddi dəyər itkisini nəzərə alsaq, PYenlə müqayisədə rəqabət qabiliyyətini saxlamaq üçün zəif yuanın bir müddət sonra dollara qarşı daha dözümlü ola biləcəyinə dair artan düşüncə axını var. Lakin bundan sonra nə olacağını söyləmək çətindir.

NEFT

Ötən həftənin cümə günü Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatlara görə, ABŞ-ın xam neft hasilatı yanvar ayında gündəlik 12.5 milyon barrelə düşüb ki, bu da dondurucu havadan sonra dekabrda qeydə alınmış rekord həddən 6% azalma deməkdir.

Məlumatlar göstərdi ki, Amerikanın ən böyük neft əyaləti Texasda xam neft hasilatı yanvarda əvvəlki ayla müqayisədə təxminən 5% azalaraq gündəlik 5.4 milyon barrelə, Şimali Dakotada isə gündəlik təxminən 13% azalaraq 1.1 milyon barrelə düşüb.

Yanvarda yağan güclü qar fırtınası neft hasilatını xeyli azaldıb. Yanvar ayında soyuq hava Şimali Dakotada neft hasilatının yarıya enməsinə səbəb olub, ştatın boru kəməri rəsmiləri hasilat gündə 600.000 barel ilə 650.000 barel arasında yarı-yarıya azalıb. ABŞ-ın digər əsas neft hasil edən bölgələri də soyuq havanın təsirinə məruz qalıb.

Nəticədə artan tələb fonunda bahalaşan “Brent” nefti (OİLUK) həftəlik şamını 87.50$ səviyyəsində bağladı.  Analitiklər ehtimal edirlər ki, “buğalar” qiyməti 88$-in üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 90$-a qədər davam edə bilər.

XAUUSD

Artıq 5 həftədir bahalaşan qızıl ardıcıl olaraq rekord hədlərini yeniləyir. Ötən həftəyə də artımla başlayan qızıl həftəlik şamını 2233$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də NFP məlumatları fonunda qızıl qiymətlərində müşahidə olunan kəskin bahalaşma davam edə bilər.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler