İki əks qütbün tən ortasında...

İki əks qütbün tən ortasında...

“Yaxşı” və “pis” məfhumları hər kəs üçün birmənalı anlam daşımır. Əksər hallarda, biri üçün yaxşı olan, bir başqası üçün pisdir. Bunun “niyə”sini axtarmaq, bəlkə də mənasızdır. Ancaq həm də çox əhəmiyyətlidir...

Bəzi insanlar bütün həyatlarını “ego”larına məğlub durumda yaşayır və ömrü boyu həmin “ego”nun diktə etdiyi şərtlərə dinməz-söyləməz tabe olur. Belələri üçün onların maraqlarına qarşı olan hər şey pisdir.

“Mən mükəmmələm! Mənim bəyəndiyim hər kəs və hər şey mükəmməldir. Yerdə qalanlar isə əsla...” formulasına tabe olmayan neçə insan tanıyırsınız çevrənizdə?

“Filankəs filankəsin kəsilib atılan bir dırnağı belə ola bilməz!?” – deyə məşhur bir deyim də var. Yəqin ki, hirsli vaxtımızda hamımız qurmuşuq bu cümləni. “Ego”nun hikkəsinə, kininə-küdurətinə, hökmünə, Tanrıtanımazlığına bir baxın! Canlı bir insanı başqa bir canlı insanın bir zərrə lazımsız atqısından belə dəyərsiz görür...

Bəs, “başqasının yerində olmağı” bacaran insanlar necə.?. “Ego”sunu “yerində oturtmağı” bacaran insanlar...

Onlar həm maddi, həm də mənəvi xoşbəxtliyə, sözün əsl mənasında, asanlıqla qovuşan insanlardır.

Bunu bacarmayanlar isə, xoşbəxtlik quşunun birini ovlasalar da, o birinə heç yaxın da düşə bilmir, xaotik, qarma-qarışıq, səbatsız, mənasız və məqsədsiz bir ömür sürürlər.

Xoşbəxtlik, bəlkə də, düz gözümüzün önündə, haradasa yaxşı və pisdən tən məsafədəki bir adada gizlidir. O adanın adı “Ədalət adası”dır. Əlbəttə, dünyada nəinki belə bir adanın, hətta ədalətin özünün belə mövcud olmadığını iddia edə bilərsiniz. Ancaq bizim bir nəsnəni görməməmiz, duymamamız onun mövcud olmaması anlamına gəlməz...

Ədalət – dünyanın ən, ənnn təbii, eyni zamanda ən inanılmaz, adı gələndə gülünüb-keçilən, lakin enində-sonunda önündə diz çökülən fövqəladə bir halıdır. Bir ömür boyu əlinizi ağdan-qaraya vurmadan, əmək sərf etmədən, boşu-boşuna oturub xəyal qurmaqla, ya da sadəcə danışmaqla, falla-filanla həyatınızda ən gözəl şeylərin baş verməsini istərsiniz ya... Bax, həmin davranışlarınızın müqabilində həmin gözəl şeylərin əsla baş verməməsidir ədalət... Baş versə belə, özünüzü başqalarının yerinə əsla qoymadığınız üçün və ya “ego”nuzla baş edəmədiyiniz üçün, bir zaman hətta ölümünə arzuladığınız gözəlliklərin belə sizin üçün artıq heç bir zövq verməməsidir ədalət...

İnsanın öz əməlləri ilə qazandığı və ya itirdiyi, baha biçilməz bir dəyərdir ədalət...

Güclünün gücünü yalnız və yalnız gücsüzü qorumaq üçün tətbiq etməsidir ədalət...

İnsana və insan toplumuna münasibətdə “yaxşı” və “pis” sifətlərini bir kənara atmaq, xüsusilə də, özünü qarşıdakının yerinə qoya bilmək bacarığının yaratdığı sevgi, hörmət və ehtiram atmosferidir ədalət...Hətta birtərəfli olsa belə...

Photo © www.catherineplano.com.au

Yorumları görmek veya yorum eklemek için oturum açın

Ramin Aliyev adlı yazarın diğer makaleleri

Diğer görüntülenenler