Məcburi köçkünlərin müvəqqəti məskunlaşma hüququnun bir sıra cəhətlərinə dair

Məcburi köçkünlərin müvəqqəti məskunlaşma hüququnun bir sıra cəhətlərinə dair

Məskunlaşma hüququnu kobud surətdə pozan bir məhkəmə işinin hüquqi təhlili

Yüz minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşməsi kimi dəhşətli fəlakət yoxdur. Təbii ki, "kənardan baxana döyüş asan gələ bilər". Əlbəttə ki, əsla asan deyil. Buna görə də, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycan dövləti və xalqı daim qaçqınların və məcburi köçkünlərin yanında olub. Xüsusilə də, dövlətimiz bütün dünyada ən həssas kateqoriyaya daxil edilən on minlərlə ailənin müvəqqəti məskunlaşmasının təşkil edilməsi istiqamətində son dərəcədə mütərəqqi və bəlkə də, dünyada analoqu olmayan addımlar atıb. Qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti ya yeni, müasir evlərlə təmin edilib, ya da onların məskunlaşdıqları, dövlət mülkiyyətinə aid torpaq və binalarda mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Beləliklə, Azərbaycan Respublikası bu istiqamətdə həyata keçirdiyi humanist siyasət baxımından dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Ancaq heç bir cəmiyyət bir-iki neqativ presedentdən xali deyil. Təəssüflər olsun ki, mən də bu yaxınlarda bir qrup məcburi köçkünün müvəqqəti məskunlaşma hüququnun pozulması kimi nadir presedentlərdən birinə şahid olmuşam. Heç şübhəsiz, Azərbaycan Respublikasının məhkəmələri və hakimləri ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində əvəzsiz xidmətlərə malikdirlər. Bu gün məhkəmə hakimiyyəti Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarına, o cümlədən milli təhlükəsizliyə qarşı yönəlmiş,real və potensial təhdidlərin neytrallaşdırılmasında xüsusi çəkiyə malikdir. Mən bir hüquqşünas və sadə bir Azərbaycan vətəndaşı kimi möhtərəm hakimlərimizin fəaliyyətini alqışlayır və dəstəkləyirəm. Ancaq mənim bu yazıda toxunduğum neqativ hal isə, bir qrup məcburi köçkünün hüquqi məsləhətlə əlaqədar mənə ünvanladığı bir müraciətlə bağlıdır. Tamamilə təmənnasız şəkildə işi araşdırdıqdan sonra mən bu məsələ ilə əlaqədar bir rayon məhkəməsinin çıxradığı qətnamədən apelyasiya şikayəti hazırlamışam. Bu yazıda da həmin apelyasiya şikayətinin mətnini dəyərli dostlarla, həmkarlarla paylaşıram.

Rayon məhkəməsinin qətnaməsi son dərəcədə qərəzli və birtərəfli məzmuna malikdir. Qətnamədə məcburi köçkünlərin mövqeyini nəzəri cəhətdən belə olsa qoruyan bir müddəa belə tapa bilməzsiniz. Bunu bir kənara buraxın, qətnamədə hakimin bir normanı onun qanuna daxil edilməsindən ən azı 13 il əvvələ tətbiq etməsi, Avropa Şurası İnsan Hüquqları Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin tamamilə yalnış şərhi və tətbiqi kimi inanılmaz, yumşaq desək, qətnamənin qüvvəsini tamamilə şübhə altına alan qüsurlar mövcuddur.

Azərbaycan Respublikasında da, xaricdə də hüquq təhsili aldığım müddətdə mənim möhtəşəm müəllimlərim olub. Sırf onların əməyinə hörmətlə yanaşdığım üçün, özümün də illərlə sərf etdiyim enerji və maddi vəsaitə qiymət verdiyim üçün, xüsusilə də Azərbaycan dövlətinə və Azərbaycan Respublikasının Məhkəmə Hakimiyyətinə sonsuz və səmimi hörmət bəslədiyim, möhtərəm hakimlərimizin nüfuzuna xələl gətirən hər hansı halı şəxsən bir hüquqşünas kimi özümə qarşı yönələn hal hesab etdiyim üçün bu məsələni dostlarla, həmkarla paylaşmaq qərarına gəldim. Yoxsa, başqa hər hansı pis niyyətim yoxdur. Çox üzrlü sayın, heç kəsə dərs vermək iddiasında da deyiləm. Tanıyanlar bilir ki, mən təbiətən çox təvazökar adamam. Sadəcə istəyirəm ki, bu yazıda "Bir məhkəmə qətnaməsi necə tərtib olunmamalıdır!" məsələsinə aydınlıq gətirəm.

Mətndə məkan, aidiyyət, ad, soyadı və s. bildirən söz və ifadələr şərti işarələrlə əvəzlənmişdir. Bu da sadəcə etik səbələrlə bağlıdır. Mətn, həm də, bir tədris materialı kimi paylaşılır.

Hörmətlə,

Ramin Lev

************************************** (Ünvan: **** ****, **** **** ****)



Cavabdehlər: **** **** **** **** ****


Ünvan: **** **** **** **** **** **** ****



**** rayon məhkəməsinin * (***)-**/**** saylı **.**.****-ci il tarixli qətnaməsindən


A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ



**** **** **** oğlunun iddiasına əsasən **** rayon məhkəməsi **.**.****-ci il tarixli * (***)-**/**** saylı qətnamə qəbul edərək adları yuxarıda çəkilən şəxslər və onların ailə üzvlərindən ibarət 30 nəfərə yaxın məcburi köçkünün 22 ildən artıq müddət ərzində məskunlaşdıqları və yaşayış üçün külli miqdarda əsaslı vəsait yatırdıqları ərazidən çıxarılmalarını qət etmişdir. Qətnamənin mətnindən də aydın surətdə görünür ki, Azərbaycan dövlətinin adından çıxarılan bu sənədin qəbul edilməsi prosesində məhkəmə işi hərtərəfli və obyektiv surətdə araşdırmamış, cavabdehlərdən heç birinin fikir və mülahizələrini, onların gətirdiyi sübut və faktları əsla nəzərə almamış, bir çox ziddiyyətli və şübhəli məqamlara aydınlıq gətirməmiş, məsələyə birbaşa aidiyyatı olan dövlət qurumlarının mövqeyini öyrənməmişdir. Bütün bunlara rəğmən, hakim qanunsuz və əsassız, yalnız və yalnız iddiaçının marağını mütləq şəkildə təmin edən qətnamə qəbul etmişdir.

Qətnamənin qəbul edilməsindən **** **** artıq vaxt ötməsinə baxmayaraq ** **** ****-ci il tarixinədək AR Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsində sadalanan, məhkəmənin işdə iştirak edən bütün tərəflərə rəsmi qaydada verməli olduğu sənədlər, xüsusilə də məhkəmə qətnaməsi cavabdehlərdən **** **** **** oğluna, **** **** **** oğluna və **** **** **** oğluna ümumiyyətlə təqdim edilməmişdir. Beləliklə də, AR Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbləri də, açıq şəkildə pozulmuşdur.

İddiaçının ərizəsi və ona əlavə edilmiş hər hansı sənəd AR Mülki Prosessual Məcəlləsinin 168-ci maddəsində nəzərdə tutulmuş qaydada heç bir cavabdehə verilməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsində sadalanan, məhkəmənin işdə iştirak edən bütün tərəflərə rəsmi qaydada verməli olduğu sənədlər (ən əsası, iddia tələblərinin təsdiqi kimi iddiaçının hazırladığı sənədlərin surətləri) digər cavabdehlərə də təqdim edilməmişdir. Digər cavabdehlər məhkəmə prosesi başa çatdıqdan sonra yalnız məhkəmə qətnaməsinin mətnini əldə edə bilmişlər. Onların məhkəmənin qətnaməni çıxarılması zamanı rəhbər tutduğu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə tanış olma tələblərinə məhəl qoyulmamışdır. Bu əhəmiyyətli məqam da, cavabdehlər arasında çaşqınlıq və inamsızlığa səbəb olmuş, onların **** ildən artıq müddət ərzində məskunladıqları torpağa mülkiyyət hüququnun əslində kimə məxsus olması barədə yanlış təsəvvürlərə yol açmış, beləliklə də, faktiki olaraq, dövlətin adından sui-istifadə edilərək cavabdehlərə ciddi mənəvi-psixoloji təzyiq göstərilmişdir. Həmin cavabdehlər də, **** **** **** oğlu, **** **** **** oğlu və **** **** **** oğlu kimi qətnamənin qəbulunda hakimin əsas tutuduğu sənədlərdən yalnız birini – Texniki Pasportu icra bildirişini aldıqdan sonra əldə edə bilmişlər.

Qətnamənin maraq və mənafelərinə toxunduğu başqa bir məcburi köçkün, məhkəmə qətnaməsində boşaldılması tələb olunan ərazidə yerləşən **** **** **** torpağa **** **** ərzində faktiki sahiblik etmiş **** **** **** oğlu məhkəmə prosesinə ümumiyyətlə cəlb olunmamışdır. Məhz bunun nəticəsində, həmin şəxs AR Mülki Məcəlləsinin 179.3-cü maddəsinin ona öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etməklə əlaqədar verdiyi hüquqdan yararlana bilməmişdir.

Beləliklə, Azərbaycan Respublikasında məcburi köçkün statusuna malik cavabdehlərdən birinin qətnaməni və onun qəbulunu şərtləndirən digər sənədləri **** **** ****-ci il tarixdə əldə etməsini, məhkəmənin digər cavabdehləri qətnaməyə əlavə sənədlərlə tanış belə etməməsini, qətnamənin qəbulu nəticəsində hüquqları pozulmuş digər bir məcburi köçkün ailəsinin isə, bu proseslərə ümumiyyətlə cəlb edilməməsini nəzərə alaraq, aşağıdakı apelyasiya şikayətinin icraata götürülməsini xahiş edirik.

İşin faktiki halları

Birincisi, 5 məcburi köçkün ailəsindən ibarət cavabdehlər 1993-cü ilin **** **** tarixində **** rayonunun əraziləri Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra **** rayonunda **** qəsəbəsində əvvəllər fəaliyyət göstərmiş, tamamilə dövlət mülkiyyətində olan **** **** ərazisində müvəqqəti məskunlaşmışlar. Həmin ailələrdən 3-ü **** **** aid inzibati-yardımçı tikililəri birtəhər yaşanılası vəziyyətə gətirərək həmin tikililərdə, 2-si isə, **** ərazi ilə həmsərhəd torpaqda xırda otaqlar tikərək həmin daldanacaqlarda yerləşmişlər. Növbəti illər ərzində həmin ailələrin mənzil və təsərrüfat təyinatlı tikililərə ehtiyacı artmış, nəticə etibarilə, dövlət mülkiyyətinə aid torpaq üzərində Azərbaycan dövlətinin yaratdığı imkanlardan yararlanmaqla, bütünlüklə öz şəxsi vəsaitləri hesabına mənzil tikintisi aparmışlar. **** **** inzibati binasında yerləşən bir ailənin 2 övladı yeni ailə qurmuş, valideyinləri sırf öz vəsaitləri hesabına həmin gənc ailələr üçün də 1-2 otaqlı xırda mənzillər inşa etmişlər.

Təbii ki, yuxarıda göstərilən 7 məcburi köçkün ailəsi həmin ərazidə və “********” adlandırılan tikililərdə yerləşdikləri zaman məlum hüquqi, siyasi və iqtisadi səbəblərdən həmin ərazi xüsusi mülkiyyətdə ola bilməzdi. Məhkəmənin çıxardığı qətnamədən də görünür ki, (məsələn, qətnamədən tam aydın olunur ki, ****-ci il sənədlərinə əsasən “əmlak ****” “**** **** **** ****”nun yardımçı təsərrüfatı qismində Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə məxsus olmudur!) 24.09.2014-cü il tarixədək dövlət mülkiyyətində olmuşdur! Beləliklə, iddiaçı tərəfindən irəli sürülən ittihamların əksinə, məcburi köçkünlər xüsusi mülkiyyətə qəsd etməmiş, əksinə, Azərbaycan dövlətinin himayəsi və qayğısı sayəsində Azərbaycan Respublikasının aidiyyatı dövlət qurumlarının icazəsi və yaxından dəstəyi ilə Azərbaycan dövlətinin mülkiyyətində olan torpaqlarda öz şəxsi vəsaitləri hesabına məskunlaşmışlar. Buna sübut olaraq, ailələrin hər birinin 1993-cü ildən etibarən həmin ərazidə məskunlaşmalarını sübuta yetirən sənədlər təqdim olunur.

Deməli, belə çıxır ki, iddiaçı “əmlak ****” adlandırdığı, məhkəmənin də heç bir qiymətləndirmə aparmadan bu formada qəbul etdiyi bir neçə tikilini orada 21 ildən artıq müddət ərzində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqlarını bilə-bilə hansısa yollarla ****-cü ildə - düz 21 il sonra özəlləşdirə bilmişdir! Hərrac yolu iləmi.?. Daha sonra da, həmin tikililərə yaxın torpaqları da nəzarətinə götürməyə cəhd göstərmişdir.

İkincisi, iddiaçı məhkəmə prosesində yalan ifadə verərək bildirmişdir ki, guya o cavabdehləri əmlak kompleksindən kənarlaşdırmaq məqsədi ilə məsələ qaldıranda cavabdehlər onun üzərinə hücum çəkmiş və polisə düşmüşlər. Bu hüquqi dildə o deməkdir ki, iddiaçı nə zamansa (bu qədər mühüm əhəmiyyət kəsb edən bir hüquqi faktın hansı tarixdə baş verməsinə məhkəmə qətnaməsində heç bir aydınlıq gətirilmir!) rəsmi qaydada ərazi aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin **** (o zamankı ****) rayon Polis Şöbəsinə mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar müraciət etmişdir. Təbii ki, şərəfli polis orqanlarımız iddiaçının ərizəsi ilə əlaqədar müvafiq tədbirləri görməli, məsələni yerində araşdırmalı, cavabdehləri dindirməli və s. təhqiqat-istintaq hərəkətlərini yerinə yetirməli idilər. Məsələnin əsli isə, belədir ki, belə bir hal, yəni nə iddiaçıya hücum, nə də onun polisə şikayət etməsi heç bir zaman baş verməmişdir. Qəribə burasıdır ki, məhkəmə işə baxarkən iddiaçıdan polisə nə zamansa guya müraciət etməsi, xüsusilə də həmin müraciətin tarixi ilə əlaqədar məhkəməyə sənəd-sübut təqdim etməsini ondan tələb etməmiş, müvafiq sorğu ilə **** polisnə müraciət ünvanlamamış, iddiaçının sözlərini fakt kimi qəbul etmişdir.

Üçüncüsü, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **** saylı **** İdarəsi tərəfindən verilmiş texniki pasporta istinadən, qətnamədə göstərilir ki, **** ha torpaq sahəsində yerləşən **** m2 sahəli əmlak kompleksi mülkiyyət hüququ ilə **** **** **** oğluna, **** **** **** qızına və **** **** **** oğluna məxsusdur, torpaq istifadədədir. Məhkəmə 1993-cü ildən məcburi köçkünlər məskunlaşmış cəmi 6 sota yaxın torpaq sahəsində yerləşən, həmin köçkünlər olmasa bütün tikililəri uçub dağılacaq tikintinin hansı səbəbdən və hansı sənədlər əsasında 21 il sonra xüsusi mülkiyyətə keçirilməsi, xüsusilə də, həmin tikinti ətrafındakı torpaq ərazisinə mülkiyyət hüququ verən sənədin onda olub-olmaması  barədə iddiaçıya bir sual belə ünvanlamamışdır. Hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **** saylı **** İdarəsinin mühəndisinin verdiyi və qətnamədə istinad olunan rəydən (yeri gəlmişkən, həmin rəy də cavabdehlərin heç birinə təqdim olunmamışdır!) də görünür ki, həmin əmlak kompleksi 2014-cü ildə “özəlləşdirilmədən” öncə Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyinə məxsus olmuşdur! Lakin hakim dövlət mülkiyyətində olan torpaqda, heç şübhəsiz, dövlətin icazəsi ilə 15-20 il əvvəl tikinti apararaq öz vəsaiti hesabına özünün konsitusion mənzil hüququnu realizə edən və MÜVƏQQƏTİ MƏSKUNLAŞAN məcburi köçkün ailələrindən isə, torpaq sahəsinin onlara məxsus olması barədə sənəd, tikinti işlərinin aparılmasına görə əsaslar və s. tələb etmişdir. İlk baxışdaca, belə təsəvvür yaranır ki, iddiaçının mülkiyyət hüququna dair mövcud ciddi və əsaslı şübhələrin araşdırılması bir tərəfə qalsın, işə baxan hakim sadəcə olaraq “müvəqqəti məskunlaşma” anlayışının mahiyyətindən irəli gələn zərurəti, xüsusilə də, “məcburi köçkün” statusunun ehtiva etdiyi əsasları və icazələri nəzərə almaq belə istəməmişdir.

Dördüncüsü, cavabdehlərin hər biri məcburi köçkün statusuna malikdir. Bu ailələr ümumilikdə Azərbaycan dövlətinin himayəsində olan 30 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşından ibarətdir. Onların hər biri Azərbaycan Respublikasının **** rayonunun **** qəsəbələrində, Azərbaycan dövlətinin torpağında rəşadətli Azərbaycan ordusu işğal altındakı əraziləri erməni silahlı qüvvələrindən təmizləyənədək müvəqqəti məskunlaşdıqlarını yaxşı dərk edirlər. Bu 30 nəfərin hər biri dədə-baba torpaqlarının azad olunması öz əlindən gələni edir. Böyüklər çalışır, dövlətə vergi ödəyir, Azərbaycan Respublikasının qanunlarına dönmədən, vicdanla əməl edir, yetkinlik yaşına çatmayanlar da, məktəbə gedir, xalqa və vətənə layiqli övlad olmaq üçün elm öyrənirlər.

Beşincisi, adları yuxarıda sadalanan məcburi köçkünlər, onlardan bəzilərinin dünyasını 10-15 il əvvəl dəyimiş yaxınları ilə birlikdə 2014-cü ildə “əmlak kompleksi özəlləşdirilənədək” 21 ildən artıq müddət ərzində özləri yaşanılacaq hala gətirdikləri və ya inşa etdikləri evlərə, saldıqları bağ-bağata və digər infrastruktur imkanlarının yaradılmasına ümumilikdə 180 000 AZN-dən artıq miqdarda maliyyə vəsaiti xərcləyiblər. Bu faktın sübuta yetirilməsi üçün əraziyə baxış keçirilməsi və müvafiq mütəxəssislər tərəfindən hesablamaların aparılması yetərlidir.

Heç şübhəsiz, bu dərəcədə mühüm faktı nəzərdən qaçırmaq olmaz ki, bu qədər uzun müddət ərzində, bu məbləğdə şəxsi vəsaiti dövlətin xəbəri və dəstəyi olmadan xərcləmək mümkün olmazdı. Azərbaycan dövlətinin həyata keçirdiyi məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması siyasətinə və proqramına müvafiq surətdə bu ailələrin özlərinin konstitusion mənzil hüququnu reallaşdırmalarına aidiyyatı dövlət qurumları daima dəstək verib. 2014-cü ilədək iddiaçı bir dəfə də olsun heç bir dövlət qurumuna onun əmlakının guya “məcburi köçkünlər tərəfindən zəbt olunması” barədə nə şifahi, nə də yazılı müraciət etməyib və nə “əmlak kompleksi” ona aid olmadığından, edə də bilməzdi. Bu səbəbdən, məhkəmə qətnaməsində məcburi köçkünlər tərəfindən hal-hazırda dövlətə aid torpaqda tikilmiş evlərin sökülməsi, habelə məcburi köçkünlərin öz vəsaitləri hesabına yaşanmalı vəziyyətə gətirib on illərlə ev halına saldıqları 2 tikilidən (məcburi köçkünlər olmasa, 2014-cü ilədək həmin tikililərin heç bünövrəsi belə qalmazdı!) onların məhkəmə qətnaməsi əsasında çıxarılmasının heç bir faktiki və iqtisadi əsası yoxdur. Üstəlik, iqtisadi cəhətdən bu son dərəcədə gülməli görünür.

Çünki birincisi, məhkəmə cavabdehlərdən birinin iddiaçıya verdiyi “1993-cü ildən 2014-cü ilədək harada idiniz?” sualına iddiaçının verdiyi “İstirahətdə idim!?” cavabını niyəsə məqbul hesab etmişdir.

İkincisi, məhkəmə hansı cavabdehin iddiaçının nə qədər daşınmaz əmlak sahəsinə girməsini, başqa sözlə “zərərçəkmişə” cavabdehlərdən hansının nə qədər “ziyan vurmasını” müəyyənləşdirməyə belə cəhd göstərməmişdir. Bu baş versəydi, ən azından, bəlkə də, məcburi köçkünlər kompromis variantı seçərək hərəsi müəyyən ödəniş müqabilində 21 il maneəsiz yaşadıqları torpaq və ya tikiliyə mülkiyyət hüququnu Azərbaycan Respublikası qanunvericiliyinin yol verdiyi qaydada əldə etməyə cəhd göstərərdilər. Belə bir mütərəqqi addımın əvəzində, məhkəmə cavabdehlərin hamısının, özü də öz vəsaitləri hesabına tikdikləri və 21 il yaşadıqları dövlət mülkiyyətindəki ərazidən çıxarılması barədə qətnamə qəbul etmişdir. Onların sonrakı taleyi, yəni, harada, necə və kimin hesabına yerləşdirilməsi barədə qətnamədə bir kəlimə belə yoxdur.

Üçüncüsü, müvafiq eskpertiza keçirilərsə, məcburi köçkünlərin 21+4=25 il ərzində mənzil tikintisi, bağ-bağat salınması və müvafiq infrastrutur yaradılması üçün çəkdikləri xərclərin, habelə məcburi söküntü, çıxarma işləri, eləcə də yenidən məskunlaşma işləri üçün çəkilməli xərclərin cəminin iddiaçı tərəfindən özəlləşdirildiyi iddia olunan həmin 6 sota yaxın ərazinin üzərindəki tikintilərlə birlikdə qiymətindən dəfələrlə artıq olduğunu görə bilərik.

Dördüncüsü, iddiaçı məcburi köçkünlərdən fərqli olaraq, “əmlak” adı altında necəsə 2014-cü ilin sentyabr ayında “özəlləşdirə” bildiyi bu 6 sotluq ərazi və məcburi köçkünlər tərəfdindən abadlaşdırılan tikintilərdən nəinki təyinatı üzrə, hətta 1993-cü ildən etibarən hər hansı başqa bir formada bir gün belə istifadə etməsinə, dövlət büdcəsinə vergi ödəməsinə, hər hansı kommunal xərclərin ödənişini həyata keçirməsinə dair sənəd və sübutları məhkəmədə açıqlamayıb.

Beşincisi, məhkəmə qətnaməsinin **** səhifəsinin **** səhifənin başlanğıcında qurtaran **** paraqrafının **** cümləsindəki “Ona görə də, qeyri-qanuni aparılan həmin tikintilər təsərrüfatın fəaliyyətinə əngəl törədir.”- cümləsi elə bir təsəvvür yaradır ki, sanki söhbət reallıqda illərlə mövcud olan hansısa təsərrüfatdan gedir. Qətnamənin **** səhifəsinin **** paraqrafının **** cümləsində də bənzər bir cümlə işlədilir. Əslində, 1993-cü ilin özündə belə 2014-cü ildə məhkəmə qətnaməsində adı çəkilən həmin bu “təsərrüfat” yuxarıda qətnamədən istinad olunan cümlənin ehtiva etdirdiyi fəaliyyətlərlə məşğul olmamışdır.

İşin hüquqi halları

Birincisi, sözügedən “əmlak kompleksinin özəlləşdirilməsi” ilə əlaqədar müvafiq qanunvericiliklə müəyyən olunmuş qayda və proseduralara əməl olunması ilə əlaqədar bir sıra anlaşılmazlıqlar mövcuddur. Belə ki, iddiaçının 2014-cü ildə özəlləşdirdiyi “əmlak” əvvəllər dövlət mülkiyyətində olduğundan, bu özəlləşdirmə aktının həyata keçirilməsi zamanı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-İQ №-li Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq edilməli idi. Məsələn, həmin qanunun 2-ci maddəsində (Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsəd və prinsipləri) sadalanan prinsiplərin, 4-cü maddənin (Qanunun tətbiq dairəsinin məhdudlaşdırılması) 4.0.4.-cü bəndinin (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.), 7.1-ci bəndinin (Dövlət təhlükəsizliyinin, vətəndaşların sağlamlığının, mənəviyyatının, hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsində bu barədə qərar qəbul edən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən məhdudiyyətlər qoyula bilər.), habelə ən azından 25-ci maddəsinin (Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir.) müvafiq müddəalarının tələbləri yerinə yetirilməli idi. Təəssüflər olsun ki, iddiaçı məhkəmədə özəlləşdirmə barədə anlaşılmazlıqları aradan qaldıra biləcək hər hansı məlumat və sübutlar təqdim etməmiş, məhkəmə isə, cavabdehlər tərəfindən sübut və mülahizə kimi təqdim edilən bu məsələləri hər hansı formada araşdırmamışdır. O cümlədən, 2014-cü ilin sentyabrında əmlakı “özəlləşdirməzdən” əvvəl iddiaçının hansı səbəbdən məcburi köçkünləri məlumatlandırmaması, AR Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinə bu barədə rəsmi müraciət etməməsi, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 2.2.1-ci maddəsinə (özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi) tamamilə zidd olaraq gizli iş üslubuna üstünlük verməsi barədə məhkəmədə səsləndirilən suallar da cavabsız qalmışdır.

İkincisi, qətnamədə AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci (Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.) və 77.1-ci (Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) maddələrinə istinad edilir. Lakin, göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən hər iki maddə yalnız və yalnız iddiaçının lehinə istifadə edilmişdir. Məsələn, 15 nəfərə yaxın məcburi köçkünün məskunlaşma haqqında təqdim etdikləri arayışlar, məcburi köçkün vəsiqələrinin nüsxələri, iddiaçının məhkəməyə qədər nə onlara, nə də aidiyyatı dövlət orqanlarına “əmlak kompleksini” boşaltmaqla bağlı müraciət etməməsi barədə verdikləri səhih ifadələr, əmlakın əslində dövlət mülkiyyətində olması, özəlləşdirmə aktının şübhəliliyi barədə fikirləri hakim tərəfindən, yumşaq desək, əhəmiyyətsiz sayılmış, bütün bu kimi sübut və faktlar məhkəmə tərəfindən bütün proses boyu əsla araşdırılmamışdır. O cümlədən, sənədsiz-sübutsuz, “şəxsi mülahizə və qənaətlər, gümanlar” əsasında dövlət mülkiyyətində olan xeyli torpaq sahəsini iddiaçıya nədənsə “güzəştə gedən”, iddiaçının guya cavabdehləri “əmlak kompleksi”ndən çıxarmaq məqsədilə nə zamansa polisə müraciət etməsinə dair yalan ifadəsinə rəsmi sənəd və ya şahid olmadan “inanan”, onun 1993-cü ildən 2014-cü ilədək “istirahətdə olması” səbəbindən “əmlak kompleksi”nin taleyi ilə maraqlana bilməməsi fikrinə əsla “şübhə etməyən” hakim, 30 nəfərlik məcburi köçkün ailəsinin, hər şeyi bir kənara qoysaq, getməyə başqa yerləri və evləri olmadığından evlərinin sökülməsinə və “əmlak kompleksi”ndən çıxarılmalarına etdikləri etirazı (həmin etirazın əsaslarına da ki, aidiyyatı dövlət orqanlarının təqdim etdikləri rəsmi sənədlər – məskunlaşma haqqında arayışlar, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məcburi köçkün vəsiqələri, kommunal ödənişlərə dair sənədlər, şahid ifadələri və s. daxildir) görməzdən gəlməyi “yüksək məharətlə” bacarmışdır.

Üçüncüsü, məhkəmə iddianı gücləndirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin (Mülkiyyət) I bəndinə istinad edir. Son dərəcədə dərin, qaranlıq və anlaşılmaz, təzadlı bir yanaşmadır. Çünki məhkəmə nədənsə mülkiyyətin, həmin maddənin II bəndində olduğu kimi, məhz hansı növündən söhbət getməsinə aydınlıq gətirmir. Süni surətdə belə bir təsəvvür yaradılır ki, guya cavabdeh məcburi köçkünlər birbaşa Konstitusiyanın 13-cü maddəsini pozublar. Halbuki, Məcburi köçkünlər dövlət mülkiyyətində olan həmin “əmlak kompleksi”ndə və həmin kompleksə yaxın, yenə də dövlət mülkiyyətində olan torpaqda 1993-cü ildən etibarən məskunlaşmışlar. 2014-cü ilin sentyabr ayınadək həmin “əmlak kompleksi” tamamilə dövlət mülkiyyətində olmuşdur. “Özəlləşdirmə” zamanı 21 ildən artıq müddət ərzində orada yaşayan 7 məcburi köçkün ailəsinə heç bir xəbər verilməmiş, iddiaçı sanki “məxfi əməliyyat” həyata keçirmişdir. Beləliklə, məcburi köçkünlər dövlətin icazəsi və aydın ifadə olunan razılığı ilə dövlət mülkiyyətində müvəqqəti məskunlaşsalar da, bəlli bir maxinasiyanın qurbanına çevrilmişlər.

Dördüncüsü, qətnamədə AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə (Mülkiyyət hüququnun anlayışı və məzmunu) istinad edilir. Zənnimizcə, əgər iddiaçının “mülkiyyət hüququ”ndan söhbət gedirsə, bu işdə və bu məqamda 154-cü maddəyə (Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ) istinad edilməsi daha məqsədəmüvafiq olardı. Gəlin bir anlığa güman edək ki, iddiaçının 6 sot torpağa və həmin torpağın üzərindəki tikililərə mülkiyyət hüququ həqiqətən mövcuddur!  Beləliklə, 154.1-ci maddədə göstərilir ki, “Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər”. Bu maddənin işin halları ilə məntiqcə uzlaşması, hakim işə baxarkən və iddiaçının sözügedən “əmlak kompleksinə mülkiyyət hüququ” ilə əlaqədar məsələləri araşdırarkən, Mülki Məcəllənin 154.2-ci (Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır), xüsusilə də 6.3-cü (Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.) maddələrinin müddəalarını nəzərdən əsla qaçırmamalı idi. Cavabdehlərin gətirdikləri sübut, əsas və dəlilləri nədənsə nəzərə ala bilməyən hakim onların “əmlak kompleksi”ndən məcburi çıxarılması, öz hesablarına, kimsədən bir qəpik belə almadan tikdikləri binaların sökülməsi, 21 il ərzində çəkdikləri 180 000 AZN-dən artıq xərcin və əzab-əziyyətin, 21 illik xatirələrin qəddarcasına məhvi barədə qərar verərkən, ən azından, mülki qanunvericilikdə hətta ən danılmaz mülki hüquqların (halbuki, sözügedən iddiaçının mülkiyyət hüququ kifayət qədər dumanlı olmaqla, ciddi araşdırmalara məruz qoyulmalı idi) belə məhdudlaşdırılmasına yol verən son dərəcədə təbii halların (dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın qorunması, cəmiyyətin sağlamlığının və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi və s.) mövcudluğu faktını nəzərdən qaçmamalı idi...

Beşincisi, zənnimizcə, hakimi sözügedən qətnaməni qəbul edərkən AR Mülki Məcəlləsinin 155-ci maddəsinə (Dövlət mülkiyyəti hüququ) də, mütləq istinad etməli idi. Belə ki, yenə də məhkəmə qətnaməsinin 3-cü səhifəsinin 4-cü səhifənin başlanğıcında qurtaran 5-ci paraqrafının həmin səhifədəki 2-ci cümləsindən belə bir məna çıxır ki, iddiaçının təqdim etdiyi texniki pasporta əsasən “əmlak kompleksi”nin nəinki mülkiyyətində, hətta qanuni istifadəsində belə torpaq sahəsi yoxdur. Buna baxmayaraq, məcburi köçkünlərin etirazlarını əsla duymayan hakim sadəcə və sadəcə mülahizə və qənaətlər irəli sürərək binalar arası, eləcə də kanala qədər məsafədə yerləşən geniş bir ərazini “əmlak kompleksinin qanuni istifadəsində ola biləcək torpaq sahəsi” elan edir! Hətta bu zaman kanal boyu 7 metrlik mühafizə zolağının mövcudluğunu belə, nədənsə, tamamilə unudur. Halbuki AR Mülki Məcəlləsinin 155.2-ci maddəsində açıq şəkildə göstərilir ki, “Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir”. Əgər məlum binalararası və ya kompleks ətrafı ərazilər AR Mülki Məcəlləsinin 155.4-cü maddəsinə (Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.) müvafiq surətdə iddiaçı tərəfindən özəlləşdirilməmişdirsə, o zaman hakimin iddiaçının qeydinə bu dərəcədə qalmasını ancaq “şübhə oyadan havadarlıq” kimi tövsif etmək mümkündür.

Altıncısı, qətnamədə ümumi iddia müddəti institutu unudularaq iddiaçının “mənafelərinin” müdafiəsi taktikası davam etdirilir. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsi (Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.) və 157.4-cü maddəsi (Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.) sitat gətirilir. İddiaçının ötən 21 il ərzində öz “mülkiyyət hüququnu” (halbuki, onun üçün ən yaxşı halda 6 sota yaxın torpağa və onların üzərindəki biri uçulub-dağlmış olmaqla iki tikiliyə mülkiyyət hüququ ən tezi 2014-cü ilin sentyabrında əmələ gələ bilərdi) hansı səbəbdən nə inzibati, nə də məhkəmə qaydasında müdafiə etməməsi və bununla əlaqədar hər hansı sübut təqdim etməməsi barədə cavabdehlər tərəfindən səsləndirilən suallara iddiaçı “İstirahətdə idim.!.”- deyə cavab vermiş və hakim də belə bir cavabı məqbul saymışdır...

Zənnimizcə, bu məqamda hakimin, heç deyilsə, AR Mülki Məcəlləsinin 157.9-cu maddəsinə (Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.) də istinad edilməsi, ən azından, nəzəri baxımdan, məqsədəmüvafiq olardı. Beləliklə də, iddiaçının “məxfi şəkildə özəlləşdirdiyi” 6 sota yaxın ərazi və üzərindəki tikililər Azərbaycan dövlətinin himayəsində olan məcburi köçkünlərə təklif edilə bilərdi.

Yeddincisi, qətnamə daha sonra idiaçının tələblərini təmin etmək məqsədi ilə AR Mülki Məcəlləsinin bu sahədə ən sərt maddələrinə - 180.1 (Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.) və 180.2-ci (Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.) maddələrə istinad edir. Əsl problem də bu məqamdan etibarən başlayır. Həmin maddələr AR Mülki Məcəllənin 9-cu fəslində (Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi), § 1-də (Daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi) yerləşir. Sözügedən fəsil və §-ın adlarından da göründüyü kimi, hüquqi məntiq baxımından həmin maddələrdən heç birinin məhkəmə tərəfindən baxılan işə birbaşa aidiyyatı yoxdur. Həmin maddələr üzrə iddiaçı qismində, bir qayda olaraq, fiziki və ya hüquqi şəxslər deyil, aidiyyatı dövlət orqanları çıxış edə bilərlər. Təbii ki, hansısa fiziki şəxsin digər fiziki şəxsləri sözügedən maddələrlə məhkəməyə verməsi üçün onun əlində nə zəruri resurslar, nə texniki vasitələr, nə də səlahiyyətlər mövcuddur. Bu iş üzrə iddiaçının ərizəsi, təəssüflər olsun ki, məhkəmə tərəfindən, bundan əvvəl də qeyd olunduğu kimi, cavabdehlərin heç birinə verilməmişdir. Bununla belə, ehtimal etmək olar ki, iddiaçı ərizəsində özünün “2014-cü ilin sentyabr ayından etibarən qəfil və gizli şəkildə meydana gələn mülkiyyət hüququnun və mülkiyyətinin müdafiəsi”   məsələsini qaldırmışdır. Əgər iddiaçının ərizəsində 180.1 və 180.2-ci maddələrə istinad varsa, o zaman tam əminliklə söyləmək mümkündür ki, iddiaçı aidiyyatı dövlət qurumlarının vəzifə səlahiyyətlərini kobud surətdə mənimsəmişdir. Əgər məhkəmə qəbul etdiyi qətnaməyə həmin maddələri özü daxil etmişdirsə, o zaman hansı əsaslarla məcburi köçkünlərin külli miqdarda maliyyə vəsaiti xərcləyərək öz hesablarına tikdikləri evləri sökməyə əsas verə biləcək hüquqi müddəalara üz tutulmuşdur? İddiaçının məhkəməyə təqdim etdiyi texniki pasporta əsasən onun mülkiyyət hüququ rəsmən tanınarsa belə, bu 6 sota yaxın torpaq və onun üzərindəki tikililərə münasibətdə mümkündür. Belə çıxır ki, məhkəmə 21 ildir ki, həmin ərazidə məskunlaşmış 7 məcburi köçkün ailəsinin hüquqlarını aşkar surətdə və tamamilə inkar etmişdir. Əgər iddiaçının 21 ildən sonra peyda olması, onun bu müddətdə heç bir dövlət orqanına “mülkiyyət hüquqlarının pozulması” ilə bağlı müraciət etməməsi, özəlləşdirmə zamanı 30 nəfərlik 7 məcburi köçkün ailəsinə, aidiyyatı dövlət qurumlarına bu barədə məlumat verilməməsi kimi iddiaçının “mülkiyyət hüququna” dair ciddi şübhələr yaradan və s. faktlar nəzərə alınmırdısa, o zaman, heç olmasa, mülkiyyətçinin təqdim etdiyi texniki pasporta əsasən həmin 6 sota yaxın torpağı əhatə edən tikililərin ərazisində ev tikmiş məcburi köçkünlərin hərəsinin qanuni sahibliyində olan ərazinin haqqını mülkiyyətçiyə ödəməsi ilə bağlı qətnamə çıxarmaq çox daha məqsədəmüvafiq olardı. Çünki iddiaçı ilə məcburi köçkünlər arasında qətnamə çıxarıldıqdan sonra aparılmış danışıqlarda iddiaçı açıq-aşkar “əmlak kompleksi” ərazisindəki torpaq sahəsinə heç bir sənəd verə bilməyəcəyini özü də dönə-dönə etiraf etmişdir. Yaxud da, ən pis halda, qətnaməyə məcburi köçkünlərin dövlət tərəfindən rəsmi qaydada yerləşdirilməsinə qədər oradan çıxarılmamasının zəruriliyi barədə qeyd-şərtin qətnaməyə daxil edilməməsi də, son dərəcədə, heyrətləndiricidir.

Səkkizinci, qətnaməyə daxil edilmiş növbəti 180.4-cü maddə (Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.) AR Mülki Məcəlləsinə 09.10.2007-ci il tarixində daxil edilib. Sözügedən “əmlak kompleksi”nin ərazisində məcburi köçkünlərin məskunlaşması 1993-cü ildən start götürüb. Ən uzağı, 2002-ci ilədək məcburi köçkünlər tərəfindən aparılan bütün tikinti işləri tamamlanıb. Doğruluğuna, qanuniliyinə və hüquqiliyinə inansaq belə, iddiaçı yalnız 6 sot torpağa və onun üzərindəki biri sökülüb-dağılmış olmaqla iki tikintiyə mülkiyyət hüququnu 2014-cü ilin sentyabrında əldə edib. Məhkəmə prosesi isə, 2015-ci ilin 31 avqustunda tamamlanıb və qətnamə çıxarılıb. Beləliklə, bu qətnamə ilə AR Mülki Məcəlləsinin 180.4-cü maddəsi ən azı 13 il əvvələ tətbiq olunub. Halbuki, AR Mülki Məcəlləsinin 7.1-ci (Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.) və 7.3-cü (Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.) maddələrinə əsasən, mülki qanunvericiliyin geriyə tətbiqinə qətiyyətlə yol verilmir.

Doqquzuncu, qətnamədə AR Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə (Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.) istinad edilsə də, mahyyəti üzrə həmin maddənin tələblərinin nəzərə alınmaması göz qabağındadır. İlk növbədə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri nə məhkəmə prosesinə dəvət edilmiş, nə də komitənin məsələyə münasibətinin öyrənilməsi məqsədilə ona müraciət edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin əksər müddəalarına müvafiq surətdə komitə nümayəndələrinin bu cür məhkəmə proseslərində məcburi köçkünlərin hüquqlarını qorumaq səlahiyyətləri təsbit edilmişdir. Digər tərəfdən, məhkəmə məskunlaşma tarixi barədə arayışlarda əksini tapmış göstəricilərin heç birini qətnamədə əks etdirməmişdir. “Əmlak kompleksi”nin, beləliklə də, iddiaçının mülkiyyət hüququnun dəqiq sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə tərəflərin iştirakı ilə ekspertizanın keçirilməsini təşkil etməmişdir. Məhkəmə iddiaçının öz mülkiyyət hüquqlarının pozulması barədə aidiyyatı dövlət qurumlarına guya 2014-cü ildən əvvəl müraciət etməsi faktının doğruluğunun yoxlanılması istiqamətində heç bir tədbir görməmiş, buna paralel surətdə də, cavabdehlərin 21 illik bir müddətdən doğan etirazlarına da məhəl qoymamışdır.

Qətnamədə qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinə tək istinad belə yoxdur. Əks halda, 6 sot torpağa görə dövlət tərəfindən qorunan məcburi köçkünlərin 21 il dövlət mülkiyyətində olan, öz şəxsi vəsaitləri hesabına tikdikləri mənzillərdən çıxarılması barədə absurd bir qətnamə çıxarılmazdı. Çünki cavabdehlərin hər biri məcburi köçkün statusuna malikdir. Onlar yalnız və yalnız həmin statusu itirmiş olduqları halda belə bir qətnamənin mümkünlüyü barədə düşünmək olardı. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli, 668-İQ №-li Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, məcburi köçkünlərin statusuna aşağıdakı hallarda xitam verilir:

·       əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

·       bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Eyni zamanda, birinci instansiya məhkəmənin işə baxarkən hansı səbəbdən "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" 21 may 1999-cu il tarixli 669-İQ №-li Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə (Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı) diqqət yetirməməsi də, dərin təəssüf hisləri doğurur. Həmin maddədə aşağıdakı məsələlər öz hüquqi həllini tapmışdır:


·       Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.

·       Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini tə`min etməlidir.

Artıq dəfələrlə qeyd olunduğu kimi, 2014-cü ilin sentyabr ayınadək iddiaçının “əmlak kompleksi” adlandırdığı, 6 sota yaxın torpaq sahəsinin üzərində tikilmiş binalar dövlət mülkiyyətində olmuşdur. Bu səbəbdən, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinin yuxarıda istinad edilən müddəalarını nəzərə alaraq, belə bir məntiqi nəticəyə gəlmək olar ki, **** **** **** oğlunun ailə ilə birlikdə, **** **** **** oğlunun ailəsi ilə birlikdə, **** **** **** oğlunun ailəsi ilə birlikdə, **** **** **** oğlunun ailəsi ilə birlikdə, **** **** **** oğlunun ailəsi ilə birlikdə dövlət mülkiyyətində olan 6 sota yaxın ərazini əhatə edən “əmlak kompleksi”ndə və digər ətraf torpaq sahələrində, o cümlədən **** **** **** qızının ailəsi ilə birlikdə və **** **** **** oğlunun ailəsi ilə birlikdə həmin “əmlak kompleksi” ilə həmsərhəd dövlət mülkiyyətində olan torpaq sahələrində məskunlamaları tamamilə qanuni və hüquqidir, o cümlədən, iqtisadi cəhətdən əsaslı və faydalıdır. Çünki sözügedən qanunun 6-cı maddəsi (Məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Torpaq sahələrinin ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.) məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilərdə dövlət və bələdiyyə fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılmasını və s. güzəştləri nəzərdə tutur. Deməli, bu məhkəmə işində adları hallandırılan məcburi köçkünlərin torpaq sahəsi ilə təmin olunması məqsədilə Azərbaycan dövləti müvafiq şəraiti yaratmışdır. Lakin 2014-cü ilin sentyabrında iddiaçı hansısa əsrarəngiz yollarla ona aid olmayan 6 sota yaxın torpaq sahəsini və iki ədəd tikilini, özü də gizli şəkildə “özəlləşdirərək” Azərbaycan Respublikasının müvafiq qanunlarından “yan keçməyə” cəhd göstərmişdir.

Nəhayət, məhkəmə qətnaməsində “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə istinad edilməsi mütərəqqi bir addım kimi son dərəcədə sevindirici bir haldır. Lakin eyni dərəcədə də kədərləndirici haldır ki, bu dərəcədə nüfuzlu beynəlxalq hüquqi aktın elə 1-ci maddəsi məhkəmə tərəfindən yanlış anlaşılıb və dəhşətli dərəcədə yanlış da tətbiq edilib. Belə ki, qətnaməyə əsasən, həmin Protokolun 1-ci maddəsinə əsasən, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs ictimai maraqlar naminə mülkiyyətindən məhrum edilə bilməz.” Əslində isə, 1 saylı Əlavə Protokolun həmin 1-ci maddəsində göstərilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlərə uyğun surətdə məhrumetmə istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

Üstəlik, həmin maddənin II hissəsində vurğulanır ki, “Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. Beləliklə, cavabdeh kimi aylarla məhkəmə proseslərinə cəlb olunmuş məcburi köçkünlərin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin əksəriyyəti çalışıb dövlət büdcəsinə vergi ödəyir, xırda təsərrüfatla məşğul olur, ölkə iqtisadiyyatının inkişafı üçün öz çapında əlindən gələni edir. 2014-cü ilədək, eləcə də ondan sonra dövlət büdcəsinə mübahisələndirdiyi “əmlak kompleksi”nə görə bir qəpik nəinki vergi, hətta kommunal xidmət haqqı belə ödəməyən bir şəxsin qanunsuz və hüquqa tamamilə zidd iddiasına əsasən, getməyə heç bir yerləri olmayan 30 nəfərə yaxın məcburi köçkün ailəsinin 21 ildir ki, özlərinin qurub-yaratdıqları və məskunlaşdıqları ev-eşiklərindən bayıra atılmasının, Avropa İnsan Hüquqları Konvensiyasının birbaşa 2-ci maddəsinə tamamilə zidd olaraq, dünyanın bu qədər mürəkkəb, təlatümlü çağında onların yaşamaq hüququna qəsd edilməsinin qarşısının alınması kimi müqəddəs bir hüquqi amal hər halda apelyasiya şikayətinin təmin olunması üçün ən yetərli qanuni və hüquqi əsasdır.

Məlumat üçün bildirmək istərdik ki, **** rayonunun **** qəsəbəsində 1993-cü ildən etibarən ****-dən artıq məcburi köçkün ailəsi məskunlaşmışdır. Həmin ailələr, o cümlədən yerli sakinlər belə bu ərizədə əksini tapmış faktları təsdiqləyə bilər.

Beləliklə, yuxarıdakıları nəzərə alaraq və aşağıdakı əsaslara görə qətnaməni tamamilə qanunsuz və əsassız hesab edirəm və onun ləğv edilib iddia tələbinin rədd edilməsi, məcburi köçkünlərin 21 ildən artıq məskunlaşdırları ərazidə saxlanılmaları barədə qətnamə çıxarılmasını xahiş edirəm:

1. 21 il əraizndə məcburi köçkünlərin məskunlaşdığı və 180 000 AZN-dən artıq vəsait yatırdığı dövlət mülkiyyətində olan ərazinin 6 sotluq kiçik bir hissəsinin özəlləşdirilməsi zamanı iddiaçı tərəfindən özəlləşdirmə ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin kobud surətdə pozulmasına dair ciddi faktların mövcudluğu;

2. İddiaçının 21 il sonra, məcburi köçkünlər yaşaya-yaşaya, onların özlərini və aidiyyatı dövlət qurumlarını belə xəbərdar etmədən guya özəlləşdirmə apararaq 30 nəfərlik məcburi köçkün ailəsini onların yaşadığı ərazidən zorla, hansısa qanuni əsaslarla pərdələyərək çıxarmağa nail olmaq məqsədi ilə düzgünlük və vicdanlılıq kimi insani və hüquqi prinsiplərə tamamilə zidd davranması, məhkəmədə həqiqətə uyğun olmayan, o cümlədən reallığa və insan məntiqinə sığmayan ifadələr verməsi və bütün bunlara hakim tərəfindən göz yumulması;

3. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin təqdim etdikləri sübut və dəlillərin, onların əsaslı fikirlərinin, söylədikləri faktların əsla nəzərə alınmaması;

4. Qətnamənin radikal dərəcədə birtərəfli və təhrikedici məzmunda çıxarılması, bərabərlik, qərəzsizlik və çəkişmə prinsiplərinin tələblərinin açıq-aşkar pozulması və kompromis üçün heç bir qeyd-şərt belə qoyulmaması (məsələn, “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzillə təmin edildikdən sonra hazırda məskunlaşdıqları ərazidən çıxarılsınlar”...);

5. İşə baxan hakimin cavabdehlərin xüsusi vəziyyətini, onların hamısının Azərbaycan dövlətinin himayəsində olmalarını ehtiva etdirən məcburi köçkün statuslarını, humanizm prinsipini, o cümlədən artıq müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin məskunlaşdıqları yerlərdən çıxarılmasının yolverilməzliyi haqqında AR qanuvericiliyinin müvafiq müddəalarını əsla nəzərə almaması, mövqeyini əsaslandırdığı hüquqi müddəaların və qanunun maddələrinin onun qərəzsizliyinə və ədalətli davranmasına açıq şəkildə kölgə salması, hətta Avropa Şurası İnsan Hüquqları Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin tamamilə yalnış şərh və tətbiq etməsi;

6. Məhkəmə prosesində canlarından artıq sevdikləri Azərbaycan dövlətini təmsil etdiyi üçün hakimə inanan və etibar edən məcburi köçkünlərin yetərli nəzəri və praktiki hüquqi bilgilərə malik olmaması faktından yararlanılması, onların ixtisaslı hüquqi yardımdan istifadə etmək imkanlarının olmaması, aidiyyatı dövlət qurumlarının (məsələn, Qaçqınların və Məcburi Köçkülərin İşləri üzrə Dövlət Komitəsi) nümayəndələrinin məhkəməyə dəvət olunmaması;

7. İddiaçının iddia etdiyi daşınmaz əmlakın dəqiq və qanuni sərhədlərinin, onun təqdim etdiyi texniki pasporta müvafiq surətdə neçə m2-lik ərazisinin hansı məcburi köçkün ailəsi tərəfindən guya zəbt olunması faktnın müəyyənləşdirilməsi məqsədilə konkret praktiki heç bir tədbirin görülməməsi, ekspertizanın keçirilməməsi;

8. Çıxarılan qətnamənin hüquqi, iqtisadi, ictimai və mənəvi-əxlaqi cəhətlərdən tamamilə əsassız olması, mövcud qanunvericilik və beynəlxalq təcrübə ilə birbaşa ziddiyyət təşkil etməsi.

Cavabdeh olaraq bildiririk ki, əgər müvafiq qanunvericiliyə uyğun surətdə keçirilmiş ekspertiza iddiaçının 6 sota yaxın torpağa və onun üzərindəki iki tikiliyə mülkiyyət hüququnun qanuni və hüquqi olduğunu təsdiqləyərsə, o zaman iddiaçının hər birimizə təqdim edəcəyi, mülkiyyət hüququnu təsdiqləyən sənədə uyğun surətdə biz hərəmiz öz payımıza münasib olaraq həmin mülkiyyətin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş maddi qarşılığını ödəməyə razıyıq.

Hesab edirik ki, məhkəmə bizim məcburi köçkün kimi vəziyyətimizi, lehimizə olan fakt və sübutların heç birini, hətta Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələblərini, iş üzrə faktiki halların heç birini nəzərə almamışdır.

 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsində nəzərdə tutulmuş “maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi”, 385.1.2-ci maddəsində nəzərdə tutulmuş “məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması”, 385.1.3-cü maddəsində nəzərdə tutulmuş “birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi” məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır.

Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsini rəhbər tutaraq məhkəmədən

                                        X a h i ş   e d i r i k:

Apelyasiya şikayətini təmin edəsiniz. **** rayon məhkəməsinin **** (***)-***/**** saylı **.**.****-ci il tarixli qətnaməsini ləğv edib, bizim hazırda müvəqqəti məskunlaşdığımız ərazidə saxlanmağımız, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin müddəaları da daxil olmaqla, Azərbaycan Respublikası qanunvericiliyinin və beynəlxalq hüquq normalarının tətbiqi əsasında bizim yaşayış, mənzil və digər həyati hüquqlarımızın qorunması barədə qətnamə çıxarasınız.

Qoşma:


1.    Apellyasiya şikayətinın surəti;

2.    **** Rayon Məhkəməsinin **** (***)-***/**** saylı **.**.****-ci il tarixli qətnaməsinin surəti;

3.    Cavabdehlərin statusunu və ağır sosial-iqtisadi durumunu sübuta yetirən sənədlər;

4.    İmzalayan vətəndaşların siyahısı.



İddiaçı:                                                               **** **** **** oğlu və qeyriləri


“___” _______ 20___-ci il



Yorumları görmek veya yorum eklemek için oturum açın

Ramin Aliyev adlı yazarın diğer makaleleri

Diğer görüntülenenler