TƏLƏBƏLƏR ÜÇÜN: SƏRBƏST İŞLƏRİN ANLAYIŞI, STRUKTURU VƏ HAZIRLANMASI MƏRHƏLƏLƏRİ
GİRİŞ
Məlum olduğu kimi, insanlar arasında əsas ünsiyyət vasitəsi dildir. Günümüzdə “Homo Sapiens” əcdadları kimi digər insanlarla informasiya mübadiləsini, əsas etibarilə, şifahi nitq vasitəsilə həyata keçirirlər. Lakin Mesopotomiyanın cənubunda, hazırkı İraq ərazilərində e.ə. 3200-cü ildə yaradılmış ilk mixi yazı sistemlərindən günümüzə qədər nitqin yazılı forması da insanlararası ünsiyyətdə müstəsna rol oynamışdır. Belə ki, tarix boyu həm məkan baxımından bir-birindən uzaqda yerləşən insanların xəbərləşməsi, həm insan yaddaşının imkanlarını aşan informasiyanın unudulmaması, həm mürəkkəb xarakterli idarəçilik fəaliyyətlərinin (ümumi iradəni əks etdirən adət-ənənələrin, dini və hüquqi normaların maddiləşdirilməsi və kütlələrə çatdırılması, beynəlxalq əlaqələrin həyata keçirilməsi, vergilərin yığılması, hərbi-inzibati rəhbərliyin təşkili və s.) uğurla realizəsi, həm insanın emosional duyğu və hislərinin ədəbi əsərlərə köçürülməsi və möhtəşəm ədəbiyyat nümunələrinin yaradılması, eləcə də istənilən sahədə həyata keçirilən elmi fəaliyyət nəticələrinin yazıya alınması və s. kimi məqsədlərə xidmət edən yazılı nitq insan nəsilləri arasında rabitənin itməməsinə, universal bəşəri dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsinə əvəzsiz töfhələr vermişdir.
Yazılı nitq günümüzdə elmi-pedaqoji fəaliyyətlərin həyata keçirilməsində müstəsna rola malikdir. Xüsusilə də, təhsilalanların təhsil boyu mənimsədikləri biliyin qiymətləndirilməsi işində yazılı nitqin rolu və əhəmiyyəti əvəzsizdir.
Tələbələrin müxtəlif mövzularda, yazılı formada hazırladıqları sərbəst işlər də, bir tərəfdən, onların öz fikirlərini yazılı nitq vasitəsi ilə ifadə etmə bacarıqlarını təkmilləşdirir və təhsilalanları yazılı nitqsiz təsəvvür belə edilməsi mümkün olmayan gələcək peşə həyatına hazırlayır, digər tərəfdən isə, təhsilverənlərin öz tələbələrinin elmi-nəzəri və praktiki bilik və bacarıqlarını adekvat surətdə ölçmələri, həm də onların müvafiq bilik və bacarıqlarınım inkişaf etdirilməsi üçün zəruri tədbirləri həyata keçirmələri üçün unikal imkanlar yaradır.
1. SƏRBƏST İŞİN ANLAYIŞI VƏ STRUKTURU
Sərbəst iş dedikdə, təhsilalanın seçdiyi mövzu üzrə müəyyənləşdirdiyi başlıca problemə, onu meydana gətirən səbəblərə, eləcə də həmin problemin həlli yollarına dair əsaslandırılmış şəxsi mülahizələrini, şərhlərini və arqumentlərini əks etdirən kiçik miqyaslı yazılı araşdırması başa düşülür.
Sərbəst işin struktur baxımından bir neçə hissəyə bölünməsi məqsədəmüvafiqdir. İlk növbədə, giriş hissədə seçilmiş mövzunun əhəmiyyəti və aktuallığı vurğulanır. Təhsilalan bu hissədə onu mövzunu seçməyə vadar edən səbəbləri sadalaya, eləcə də, öz motiv və məqsədlərini açıqlaya bilər (yuxarıda “Giriş”ə bax).
Sərbəst isinin əsas hissəsində mövzu üzrə bütün məlumat və materiallar mahiyyəti üzrə araşdırılır, təhlil edilir, sistemləşdirilir, başlıca problem müəyyənləşdirilir, habelə həmin problemin həlli yolları göstərilir və gələcəyə dair proqnozlar belə verilir. Sərbəst işin əsas hissəsi də bir neçə alt hissələrə ayrıla bilər. Məsələn, bu sərbəst işin “Sərbəst işin anlayışı və strukturu” başlıqlı və “Sərbəst işin hazırlanması mərhələləri” başlıqlı hissələri onun əsas hissəsinin, müvafiq olaraq, 1-ci və 2-ci hissələrini təşkil edir.
Sərbəst işin sonuncu hissəsi şərti olaraq “Nəticə” adlanır. Bu hissədə təhsilalan araşdırma nəticəsində gəldiyi qənaətləri, problemin həlli yollarını, habelə gələcəyə dair öz şəxsi mülahizələrini əks etdirir.
2. SƏRBƏST İŞİN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ
Tələbə sərbəst işi hazırlayarkən, birinci mərhələdə, seçdiyi mövzu üzrə tədqiq edilməli əsas anlayışları və mövzunun əhatə dairəsini müəyyənləşdirə bilməlidir. Buna görə də, sərbəst iş mövzusunu seçərkən, əvvəlcə mövzu ilə əlaqədar sizə məlum olan qavramları, məlumatları beyninizdə canlandırın və yazılı mülahizələr şəklində cəmləşdirin.
İkinci mərhələdə, bu məlumatları qruplaşdırın, sistemləşdirin və onlarla əlaqədar təhlillər aparın. Məsələn, “Hüquqi dövlət” mövsuzunda sərbəst iş yazırsınızsa, o zaman, ilk növbədə, hər hansı elmi mənbələrə İSTİNAD ETMƏDƏN, BAXMADAN, OXUMADAN iki qrup və ya kateqoriya üzrə biliklərinizi test edin. Birincisi, “Hüquq nədir və nə üçün lazımdır, nə dərəcədə əhəmiyyətlidir?” kimi suallara cavab axtarın. İkincisi, “Dövlətin anlayışı və insan-dövlət münasibətləri” ilə əlaqədar sizə məlum olan bütün məlumatları, hətta elementar səviyyədə belə olsa, qaralama halında yazıya alın. Özünüzün və yaxınlarınızın təcrübəsində hüquq və dövlətlə hər hansı əlaqə, rabitə və kəsişmələr olubsa, onları təsvir edin.
Üçüncü mərhələdə, hər iki kateqoriya, yəni hüquq və dövlət haqqında məlumat və materialları yaradıcı şəkildə əlaqələndirməyə çalışın.
NÜMUNƏ
- “Mənim, habelə, valideynlərimin, bütün doğma və yaxınlarımın, əlbəttə ki, hüquqlarımız, məsələn, yaşamaq hüququ, təhsil hüququ, mülkiyyət hüququ və s. var. Ancaq qəribədir ki, biz bu hüquqların haqqında ancaq hansısa problem baş verəndə danışırq. Normal şəraitlərdə onları heç kim xatırlamır. Səbəbi bəlkə də onunla əlaqədardır ki, bu hüquqlar nə gözlə görülür, nə toxunulur, nə hansısa spesifik qoxuları var, nə də onları “dadmaq” mümkündür.
Biz “hüquq” kəliməsini sadəcə tələffüz edərkən duyuruq. Bu qavram da şüurumuzda, düşüncələrimizdə, yalnız və yalnız, bizə məxsus olan hansısa imkanlarla, səlahiyyətlərlə assosiasiya olunur. Yenə də, biz bu kəliməni ancaq və ancaq maraq və mənafelərimizə başqaları tərəfindən qəsd edilərkən, hansısa imkan və səlahiyyətlərimiz məhdudlaşdırılarkən tələffüz edirik və nəticə etibarilə, həm də eşitmiş oluruq.
Bəs, əgər sözüedən qəsdlər olmasaydı, əgər hamı, hər kəs başqalarının maraq və mənafelərinə qəsd etməsəydi necə, o zaman yenə də “hüquq” məfhumu mövcud olardımı? Təəssüflər olsun ki, insan cəmiyyətində belə bir vəziyyətin yaranması hələ ki mümkün deyil. Hamının başqalarının maraq və mənafelərini tapdamadığı bir cəmiyyət hələ ki sadəcə utopik ideyadan başqa bir şey deyil. İnsanların əksəriyyəti mehriban, qayğıkeş, xoşniyyətli olsalar da, hər bir cəmiyyətdə başqalarının haqlarına qəsd edən kin-kidurətli, tamahkar, xəbis, paxıl və s. mənfi xüsusiyyətli personajlar da kifayət qədərdir. Məhz onların üzündən biz hüquqlarımızın pozulması halları ilə tez-tez rastlaşırıq. Məsələn, ....(bu hissədə özünüzün və yaxud tanış və ya qohumlarınızdan birinin üzləşdiyi hüquq pozuntusu ilə əlaqədar təcrübələri, eləcə də cəmiyyət həyatında sizi ən çox təsirləndirən hüquq pozuntuları, cinayətlərlə əlaqədar təəssüratlarını qısa şəkildə nəql edə bilərsiniz).
LinkedIn tarafından öneriliyor
O ki qaldı, dövlətə bu tamamilə başqa bir qavramdır. Cəmiyyətimizdə dövlət dedikdə fikrimizə, ilk növbədə, yaşadığımız ölkə və onu idarə edən hökumətimiz, Prezidentimiz gəlir. Bu baxımdan, dövlət daha konkret və mənası daha aydın olan anlayışdır. Məsələn, Azərbaycan dövləti dedikdə, gözümüzün önünə bayrağımız, gerbimiz, himnimiz, dilimiz, dinimiz, hökumətimiz, hüquq mühafizə orqanlarımız, ordumuz, Prezidentimiz gəlir. Hər birimiz dövlətə, onun qanunlarına tabeyik, dövlət qarşısında vəzifə və öhdliklərimiz var (məsələn, vergi vermək, hərbi xidmət keçmək və s.). Dövlət bizi konstitusiya və qanunlara əsasən idarə edir.
Beləliklə, əgər yuxarıda söylənənlərin işığında hüquq və dövlət anlayışlarını əlaqələndirməyə çalışarsaq, bizdə belə bir mənzərə meydana çıxar. İnsan hüquqları dövlət tərəfindən qəbul edilən qanunlarda əksini tapır. Eləcə də, dövlət, polis, prokurorluq və məhkəmə orqanları olmadan öz mövcudluğunu sürdürə, layiqli şəkildə qoruna bilməz. Ona görə də, əgər hər hansı dövlət insan hüquqlarını layiqli surətdə qoruyursa, deməli biz həmin dövləti hüquqi dövlət adlandıra bilərik”.
Dördüncü mərhələdə, mövzu üzrə sizə hələ də qaranlıq qalan əsas problemi müəyyənləşdirin.
- “Ancaq məni düşündürən bir qlobal problem hələ də qalır. Sərhədsiz imkanlara və gücə, resurslara malik olan dünyanın ən güclü, inkişaf etmiş, hüquqi dövlətlərində belə insan hüquqlarının pozulması hallarına tez-tez rastlanılır. Görəsən, bu barədə elm nə deyir və bununla əlaqədar hər hansı elmi yanaşmalar, izahatlar, nəzəriyyələr və s. mövcuddurmu”?
PROBLEM: Hüquqi dövlət insan hüquqları pozuntuları tamamilə aradan qaldırıla bilərmi?
Beşinci mərhələdə tələbənin elmi mənbələrə müraciət etməsi və həmin elmi mənbələrdən əldə etdiyi materialların əsasında qaralama halında hazırladığı sərbəst işi korrektə etməsi arzuolunandır. Bu zaman, sözügedən elmi mənbələrdəki materialların sərbəst işə olduğu kimi daxil edilməsi yazının plagiat kimi tanınmasına gətrib çıxaracaq. Məhz bu məqamı nəzərə alaraq, elmi ədəbiyyatdan əldə etdiyiniz materialları əvvəlcə oxumağınız, sonra isə, onları qavradığınız və yadda saxladığınız məzmunda sərbəst işə əlavə etməyiniz son dərəcədə vacibdir. Məsələn, mühazirə məntlərində artıq tanış olduğunuz “hüquq”, “dövlət”, “hüquq dövlət” anlayışlarını onlarn mənşəyi haqqında nəzəriyyə və təlimləri, habelə uyğun digər məlumatları söylənilən forma və qaydada, məntiqi ardıcıllıqla sərbəst işinizdə “əridə” bilərsiniz.
Eləcə də, qaralama halındakı sərbəst işdə əksini tapmış fikir və mülahizələrinizi elmi mənbələrə, nüfuzlu elm adamlarının sitatlarına istinad etməklə daha da qüvvətləndirə bilərsiniz.
NÜMUNƏ. Cəmiyyətdə insanların bir-birilərinin haqlarını tapdamağa hazır olması barədə fikirlərinizi, məsələn, 1588-1679-cu illərdə yaşamış ingilis mütəfəkkiri Tomas Hobsun “Homo homini lupus est!” fikri ilə gücləndirə bilərsiniz. Tomas Hobs da vaxtilə qeyd edirdi ki, “Cəmiyyətdə “hamının hamıya qarşı mübarizəsi” vəziyyəti mövcuddur.”
NƏTİCƏ
Sərbəst işin sonuncu hissəsində və həm də mərhələsində isə, müəyyənləşdirilmiş problemin həlli qarşıya məqsəd kimi qoyulmalıdır. Yəni, tələbə problemin mahiyyətini və məzmununu, habelə problemi meydana gətirən səbəbləri özünəməxsus şəkildə şərh etməli, yekunda sözügedən problemin həlli yollarını, eləcə də mövzu ilə əlaqədar gələcəyə yönəlik proqnozlarını təqdim etməlidir.
NÜMUNƏ
PROBLEM. Hüquqi dövlət insan hüquqları pozuntuları tamamilə aradan qaldırıla bilərmi?
HƏLL. İlk növbədə, qeyd etmək lazımdır ki, hüquqi dövlətlərdə insan hüquqları ilə bağlı problemlərin mövcudluğu nə hüququn, nə də dövlətin əhəmiyyətini azaltmamalıdır. Hüquqi dövlətlərdə hüquq pozuntuları digər dövlətlərlə müqayisədə qat-qat azlıq təşkil edir. İkincisi, hüquqi dövlətlərin insan hüquqlarının qorunması sahəsində nailiyyətlərinin səbəbini araşdırarsaq, görərik ki, onlar bu nailiyyətlərə XVI-XVII əsrdən etibarən start götürmüş maarifçilik cərəyanları nəticəsində nail ola bilmişlər. Belə bir qənaətə gəlmək mümkündür ki, cəmiyyətdə təhsil standartları yüksəldikcə, cəmiyyətin təhsilə verdiyi önəm artdıqca və s. hüquqi dövlətlərdə hüquq pozuntularının baş vermə ehtimalı tədricən “0” nöqtəsinə yaxınlaşacaq.
Proqnoz 1. Yaxın gələcəkdə hüquqi dövlətlər daha da güclənəcək (elmi, ədəbi-bədii, tarixi və s. sübut və dəlillər gətirə bilərsiniz).
Proqnoz 2. Yaxın gələcəkdə hüquqi dövlətlər getdikcə zəifləyəcək (elmi, ədəbi-bədii, tarixi və s. sübut və dəlillər gətirə bilərsiniz).