Uşaqları necə uğurlu və zəngin böyütmək olar – Rokfeller ailəsinin 4 sirri
Uşaqları necə uğurlu və zəngin böyütmək olar – Rokfeller ailəsinin 4 sirri
“Hər bir hüquq məsuliyyəti nəzərdə tutur; Hər bir xoşbəxt imkan öhdəliyi nəzərdə tutur; sahiblənmək həm də vəzifə borcu deməkdir”
Hesab olunur ki, sərvət qazanıldıqdan sonra ailə üç nəslin həyatı boyunca onu tam şəkildə xərcləyir. Amerikada belə bir məsəl var: “Hər dördüncü nəsil eyni köynəyi geyinir”. Yaponiyada isə belə bir deyim məşhurdur: “Hər dördüncü nəsil eyni əkin yerində düyü toplayır”.
Başqa sözlə, çox az ailə öz var-dövlətini uzun müddət qoruyub-saxlaya bilir. Bir qayda olaraq, həmin sərvət üç nəslin həyatı boyunca israf edilir. Vergilər, uşaqlar və nəvələr üçün hədsiz xərcləmələr, eləcə də böyük pullar bu və ya digər şəkildə insanı korlayır – bütün bunlar gec-tez öz işini görür və ailənin maddi vəziyyətinə xələl gətirir.
Deyilənlərə baxmayaraq, Rokfellerlər ailəsi bundan yayına bilib. Bu günə qədər sözügedən ailənin yeddinci nəsli öz həyatını sürməkdədir və 170 varisə malikdir. Forbes jurnalının məlumatına görə, 2016-cı ildə ailənin sərvəti 11 milyard dollar olaraq qiymətləndirilib. Ailə XIX əsrin sonunda Standard Oil şirkətini quran Con D. Rokfellerin bəşəriyyət tarixində ilk rəsmi milyarder olduğu andan başlayaraq, son 100 ildə nəinki sərvətini qoruyub saxlaya bilmiş, hətta həmin sərvəti artıra bilib.
Ən inanılmazı isə odur ki, bu ailə öz birliyini qoruyub-saxlamağa nail ola bilib. Belə ki, indiyədək Rokfellerin adı ilə bağlı şəxsi plandan olan heç bir qalmaqal baş verməyib. Ailə üzvləri heç vaxt bir-biri ilə mübahisə etməyib və bir-birini məhkəməyə verməyib. Bu günə olan məlumata görə Con. D. Rokfeller və Laura Spelman Rokfellerlərin 250 birbaşa varisləri vardır.
Əlbəttə ki, Rokfellerlər lap başlanğıcdan istifadə edilə bilən yaxşı kapitala sahib idilər. Bu çox mühümdür. Bununla belə, Astorlar, eləcə də Vanderbiltslər və Karneqilər də zəngin idilər. Amma, bununla belə həmin ailələr Rokfellerlər kimi xeyriyyə işlərinə milyardlarla dollar bəxşişlər etməyiblər. Devid Rokfeller bütün həyatı boyu xeyriyyəçiliyə 1 milyard dollardan çox vəsait ayırıb.
Bəs Rokfellerlərin sirri nədir?
Özünün azsaylı müsahibələrindən birində Rockefeller & Co şirkətinin prezidenti, kiçik Devid Rokfeller deyib ki, ailəsi müəyyən dəyərlər, ənənələr və qaydalar sisteminə uyğun yaşayır ki, bu da onlara təkcə ailə sərvətini mühafizə etməyə deyil, həm də möhkəm ailə birliyini bu günə qədər qoruyub saxlamağa imkan verib. Bu qaydalar istənilən gəlirə malik hər bir ailə üçün faydalı olacaq. Onlar uşaqlara pula düzgün münasibət aşılamaqda kömək edəcəklər.
Ümumilikdə Devid Rokfeller 4 əsas elementi qeyd edib.
1. Ailə görüşlərini təşkil edin.
Birinci – bunlar bütün ailənin toplaşdığı müntəzəm görüşlərdir.
“Biz bütün ailə üzvlərinin iştirakı ilə ildə iki dəfə görüşürük. Bir qayda olaraq, bu görüşlər çərçivəsində bizim ailənin 100-dən artıq üzvü bir yerə toplanır. Məsələn, biz Yeni ildə birlikdə nahar etmək üçün bir yerdə toplaşa bilərik, - o, belə söyləyib. – Biz ailə forumu adlandırılan yığıncaqda bir yerə yığışırıq. Bu görüşə 21 yaşı tamam olan bütün ailə üzvləri dəvət edilir”.
Ailə forumu çərçivəsində bir araya gələn Rokefellerlərin ailə üzvləri gələcək planları, yeni layihələri, yeni ailə üzvlərinin gəlişini, karyera və müxtəlif mühüm hadisələrlə əlaqəli hər hansı digər xəbərləri müzakirə edirlər. Doğuşdan bu ailəyə mənsub olub-olmamasından və ya evləndikdən, yəni, nikah bağladıqdan sonra ailəyə daxil olub-olmamasından asılı olmayaraq, hər kəs özünü bu böyük ailənin bir hissəsi kimi hiss etməlidir.
2. Ailənin tarixini mühafizə edin.
Həmçinin Rokfeller hər bir ailənin öz tarixini bilməsini və ona hörmət etməsini çox vacib olduğunu da vurğulayıb. Ailənin əcdadlarına məxsus mülkləri hələ də qalmaqdadır. Onları istənilən vaxt ziyarət etmək mümkündür.
“Bunlar bizim ailəmizə nəsildən-nəslə miras qalan mülklərdir, - Rokfeller söyləyib. – Mən 100 il bundan əvvəl ulu babamın yaşadığı bu evlərdən istənilən birinə gələ bilərəm və babamın, onun oğlunun və oğlunun uşaqlarının necə yaşadıqlarını seyr edə bilərəm”.
3. Uşaqlarınızın müstəqil olmasına imkan verin.
Rokefeller ayrıca tək bir ailə biznesinə sahib olmağın artıq onlar üçün bir o qədər də vacib olmadığını qeyd edib. İş ondadır ki, belə bir təşkilat çox vaxt varlı ailələrdə fikir ayrılığına səbəb olur. Bu biznesə birlikdə sahiblik edən ailə üzvləri, həmin biznesi məhz, kimin idarə etməsi, bu idarəetməni onun necə həyata keçirməsi və kimin daha böyük mənfəət əldə etməsi ətrafında öz aralarında mübahisə etməyə başlayırlar.
1911-ci ildən bəri Rokfeller ailəsində vahid ailə biznesi mövcud deyil. Məhz, o zaman Standard Oil şirkəti, hökumətin inhisarçılığa qarşı mübarizəyə yönəlmiş yeni qanunlarına uyğun olaraq bir qrup şirkətə – açıq tipli səhmdar cəmiyyətlərinə bölünmüşdü. Sözün əsl mənasında bir göz qırpımında böyük bir şirkət birjada qeydiyyatdan keçmiş bir sıra şirkətlərə çevrilmişdi. Səhmləri və maliyyə aktivlərini gələcək nəsillərə ötürmək indi daha asan idi. Bundan əlavə, mirasın ailədə mübahisə predmetinə çevrilməsi ehtimalı da xeyli azalmışdı.
“Təbii ki, bizim ailə var-dövlətini ilk növbədə neft biznesi hesabına – Standard Oil Company şirkəti vasitəsilə qazanıb, - Rokfeller söyləyib. – Buna baxmayaraq, bu biznes heç də hamımızın bütöv bir ailə olaraq qalmağımıza kömək etmədi. Məhz, ümumi ailə biznesi səbəbindən ailə üzvlərinin bir-biri ilə düşmənçilik etdiyi çoxsaylı ailələr mövcuddur. Məncə, bizim bəxtimiz gətirmişdi ki, belə bir biznesimiz yox idi. Bizim hər birimizin inkişafına töhfə verdiyimiz öz biznesimiz var idi. Bu biznes bizim ailədə nəsildən-nəslə ötürülürdü. Nəsillərin hər biri bu biznes vasitəsilə ailənin ümumi sərvətini artırırdı. Tədricən biznesmiz ailəmizin hüdudlarından kənara yayılırdı və yeni istiqamətlər ortaya çıxırdı. Hamımzın bu biznesi hələ də idarə etməyimizə baxmayaraq, ailəmizin sərvətini təməl kimi götürən hansısa başlıca biznesimiz yox idi”.
4. Yardıma ehtiyacı olanlara dəstək vermənin vacibliyini izah edin.
Rokfellerin vahid ailə olaraq qalmasına səbəb olan ən mühüm amil – bu, ailə dəyərləridir. Konkret olaraq, söhbət xeyriyyəçilik fəaliyyətindən gedir. Bu ailə Rokfeller Fondu, Rokfeller qardaşları Fondu və Devid Rokfeller Fondu da daxil olmaqla, ümumilikdə 5 milyard dollarlıq ianə ilə çoxsaylı fondlar təsis edib.
Bu ailədə xeyriyyəçilik fəaliyyəti təşviq edilir. Xeyriyyəçiliyi klanın əsas xüsusiyyətinə çevirərək, Rokfellerlər öz ailələrində kiçik Con Rokfellerin müvafiq olaraq yaşadığı əsas dəyərlərdən birini mühafizə edib saxlayıblar. Onun həyat devizi Rokefeller Mərkəzi kompleksinə daxil olan binalardan birinin yanında quraşdırılmış bir daş üzərində həkk edilmişdir. Həmin daşın üzərində belə bir yazı vardır:
“Hər bir hüquq məsuliyyəti nəzərdə tutur; Hər bir xoşbəxt imkan öhdəliyi nəzərdə tutur; sahiblənmək həm də vəzifə borcu deməkdir”.
Kiçik Devid Rokfeller özünün ilk maaşının bir hissəsini xeyriyyəçiliyə bağışladığı günü hələ də xatırlayır. Həmin vaxt onun 10 yaşı olub. O vaxtdan bəri hər həftə o, xeyriyyəçiliyə ianə ayırıb. İlk qazancının bir hissəsini xeyriyyəçiliyə bağışlayan Con D. Rokfeller də eyni ilə belə edib.
“Bu cür dəyərlər artıq əsrlərin sınağından keçib. Əgər onlar əhəmiyyət daşımasaydı, sadəcə yox olardı, - kiçik Devid Rokfeller bəyan edib. – Məhz, buna görə də hesab edirəm ki, insan nə qədər çox verirsə, qarşılığında da bir o qədər çox alır” ifadəsinə uyğun yaşamaq üçün ailəm hər şeyi edib”.